Ötən il Audi şirkəti üçün elə də asan olmayıb: satışlar 12% azalaraq 1 milyon 671 min avtomobil olub. Nəticədə, alman istehsalçısı 2024-cü ili rəqibləri - BMW (2,2 milyon avtomobil) və Mercedes-Benz (1,98 milyon) şirkətlərindən ciddi şəkildə geridə başa vurub. Odur ki, şirkət daxilində dəyişikliklərin aparılmasına ehtiyacın duyulur.

Audi şirkətinin Britaniya ofisinin rəhbəri Xose Migel Aparisio “Autoexpress” nəşrinə müsahibəsində, bundan sonra istehsalçının satılan avtomobillərin sayına deyil, keyfiyyətinə diqqət yetirəcəyini bildirib. Bu məqsədlə yaxın gələcəkdə brendin istehlakçılar arasında nüfuzunun artırılması üçün bir sıra addımlar atılacaq.

Hazırda şirkətin model çeşidinin şərti ağırlıq mərkəzinin daha yüksək seqmentlərə doğru yönlədirildyini müşahidə etmək olar. Bir neçə il əvvəl yığcam Audi A1 və Audi Q2 modellərinin varisləri olmayacağı (baxmayaraq ki, onların istehsalı hələ də aparılır) elan edilib.

Hazırda əsas diqqət ən son Q5 və Q6 e-tron krossoverləri, eləcə də Audi A6 e-tron kimi “orta səviyyəli sanballı modellərə” yönəldilib. Ən əsası isə, elektromobillərin köməkliyi ilə ən bahalı lüks seqmentə daxil olmaq imkanı nəzərdən keçirilir.

Hal-hazırda çeşiddə ən prestijli model uzunbazalı Audi A8L Horch sedanıdır, lakin o, yalnız Çində satılır, ona görə də Mercedes-Maybach avtomobilləri ilə tam rəqabətdən söhbət gedə bilməz.

Vəziyyəti A8 modelinin sanballı yaşı (indiki nəsil 2017-ci ildən istehsal olunur) ağırlaşdırır və alman mətbuatının yazdığına görə, yaxın illərdə onu nəsil dəyişikliyi deyil, yalnız növbəti yenilənmə gözləyir.

Yeni nümayəndəlik avtomobilinin carçısı Audi Grandsphere konsepti olub və görünən odur ki, məhz onun seriya versiyası lüks seqmentinə müdaxilə üçün əsas olmalıdır. Üstəlik, Aparisio əmindir ki, avtomobil iyerarxiyasındakı status-kvonu dəyişməyin ən asan yolu məhz elektromobillərə keçiddir.

Nəzərə almaq lazımdır ki, Volkswagen AG konserninin artıq üç dəbdəbəli brendi var: Bentley, Porsche və Lamborghini. Bununla belə, top-menecerin fikrincə, bu seqmentdə hələ də Audi brendinin tuta biləcəyi boşluq mpvcuddur. Bundan əlavə, Aparisio lüks seqmentə keçidin Jaguar şirkəti kimi şok üsullarla deyil, təkamül yolu ilə həyata keçiriləcəyini vurğulayıb.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.