Volkswagen Group konserninə daxil olan Audi şirkəti idman avtomobillərinin istehsalçısı olan McLaren şirkətinin bir hissəsini almağı planlaşdırır. Bloomberg agentliyinin Almaniyanın Automobilwoche nəşrinə istinadən verdiyi məlumata görə, almanlar öz təkliflərinə yenidən baxmaq qərarına gəliblər və məbləği 450 milyondan 650 milyon avroya qədər artırıblar. Buna səbəb keçən il McLaren şirkətinin sövdələşmədən imtina etməsi olub: Britaniya brendinin rəhbərliyi təklif olunan sərmayənin ilkin həcmini yetərsiz hesab edib.

Audi ilk addım olaraq, mart ayında Google şirkətindən dəstək alan McLaren Racing Formula 1 komandasına sərmayə qoymaq niyyətindədir. Sövdələşmənin ikinci mərhələsində sportkar istehsalçısının özünə sərmayə qoyuluşu planlaşdırılır. Bazar ertəsi tərəflərin məramnamə imzalayacağı bildirilir. Audi şirkətinin Formula 1 komandası ilə birlikdə McLaren şirkətini almaq istəyi barədə məlumat keçən ilin noyabrında peyda olub, lakin təklif edilən məbləğ ingilisləri qane etməyib.

BMW şiirkəti də potensial alıcılar arasında idi. Üstəlik, McLaren şirkəti mart ayında bavariyalılar ilə elektromobillər üçün yeni arxitekturanın yaradılması barədə saziş imzalayıb. Bununla belə, şirkət daxilindəki mənbələrin bildirdiyinə görə, bu saziş məcburi xarakter daşımır və Audi ilə müqavilə bağlanacağı təqdirdə ləğv edilə bilər.

2020-ci ildə, pandemiya fonunda satışların azalması və avtoidman tədbirlərinin ləğvi səbəbindən gəlirləri kəskin şəkildə düşən McLaren şirkətinin ciddi maliyyə problemləri yaşadığı məlum olub. Bir il əvvəl şirkət özünün Uokinqdəki dəbdəbəli qərargahını 170 milyon funt sterlinqə satmalı olub. Bu, gözləniləndən 30 milyon funt-sterlinq azdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.