Audi yeni Nuvolari hiperkarının ABŞ bazarı üçün qiymətini açıqlayıb. Markanın indiyədək ən güclü və sürətli seriya avtomobili olacaq modeldən Amerika bazarı üçün cəmi 182 ədəd ayrılıb. İlk avtomobillərin müştərilərə 2028-ci ilin birinci yarısında çatdırılması planlaşdırılır.
Monterey Car Week tədbirində avqust ayında ilk dəfə nümayiş etdirilən Nuvolari dünya üzrə cəmi 499 nüsxəlik tirajla buraxılacaq. Onun ABŞ-dakı başlanğıc qiyməti əlavə təchizat nəzərə alınmadan 700 000 dollar təşkil edir. Müqayisə üçün, onun texniki bazasını təşkil edən Lamborghini Temerario ABŞ-da 370–400 min dollar arasında qiymətə təklif olunur.
Nuvolari hibrid güc qurğusu ilə təchiz edilib. Sistemin əsasını iki turbokompressorlu, yüksək dövrlərdə işləyən V8 mühərriki və üç aksial axınlı elektrik mühərriki təşkil edir. Elektrik mühərriklərindən ikisi ön oxda, biri isə arxa oxda yerləşdirilib.
V8 aqreqatı 9000–9750 dövr/dəqiqə diapazonunda 789 at gücü hasil edir. Elektrik mühərrikləri isə əlavə 198 at gücü verir. İlkin hesablamalara əsasən, hibrid sistemin ümumi gücü 987 at gücünə çatır. Audi 0-dan 60 mil/saata (96 km/saat) sürətlənmənin 2,5 saniyə çəkəcəyini, maksimal sürətin isə 350 km/saatı ötəcəyini bildirir.
Modelin texnologiyalarının hazırlanmasında Audi-nin Formula 1 təcrübəsindən istifadə olunub. Hibrid sistemin idarə edilməsi, enerjinin bölüşdürülməsi, elektron əyləc texnologiyası, aktiv aerodinamika və Launch Control alqoritmləri avtoidmandan götürülüb. Karbon-keramik əyləc disklərinin xüsusi lif strukturu ənənəvi keramika əyləcləri ilə müqayisədə istiliyin yayılmasını 21 faiz yaxşılaşdırır.
Avtomobilin dinamikasına quattro predictive ride adlı idarəetmə sistemi nəzarət edir. Sistem sükan bucağını, sürətlənməni və yolun ilişmə xüsusiyyətlərini real vaxt rejimində təhlil edərək fırlanma anının paylanmasını, əyləc müdaxilələrini və aerodinamik tarazlığı tənzimləyir. Dörd istiqamətdə sazlanan asqı sistemi isə amortizatorların sıxılma və geri açılma parametrlərini ayrıca dəyişməyə imkan verir.
Nuvolari yeni Audi Space Frame konstruksiyası və karbondan kuzov elementləri əsasında hazırlanıb. Xarici panellərin demək olar ki, hamısı karbondan hazırlanır. Aktiv aerodinamik sistemə üç mərhələdə açılan arxa spoyler və Formula 1-dən ilhamlanan DRS sistemi daxildir. Müvafiq şəraitdə avtomobil 400 kiloqramdan çox yerəbasma qüvvəsi yarada bilir.
Alıcılara fərdiləşdirmə üçün geniş imkanlar da təqdim ediləcək. Kuzov üçün 50-dən çox parlaq və 10-dan artıq mat rəng, müxtəlif karbon elementləri və 13 əyləc supportu rəngi təklif olunur. Salonda isə Dinamica materialı və 33 dəri rəngi, 12 təhlükəsizlik kəməri rəngi, eləcə də idarəetmə elementləri üçün iki fərqli səth örtüyü seçmək mümkün olacaq.
© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.









