«Autobild» dərgisinin Audi şirkətinin daxilindəki mənbələrindən əldə etdiyi məlumata görə, İnqolştatda yerləşən alman istehsalçısı TT və R8 modellərinin arasında yer alacaq ortamühərrikli sportkar buraxmaq fikrindədir. Hal-hazırda PO455 adlandırılan layihə üzərində işlər sürətlə davam etdirilir. Əgər söylənilənlər doğrudursa, yeni modelin Audi R6 adlandırılacağı ehtimal edilir. Yeni avtomobilin Porsche Boxster modelinin növbəti nəslinin bazasında yaradılacağı da söylənənlər arasındadır.
Audi R6 modeli Porsche Boxster sportkarından tamamilə başqa kuzovla, tam ötürməli çəkiş sisteminin mövcudluğu və Audi şirkətinin işlədiyib-hazırladığı mühərriklə seçiləcəkdir. Çox güman ki, bu güc aqreqatı bir müddət bundan öncə xəbərini yaydığımız beş silindirli 2,5-litrlik turbimühərrik olacaqdır. Bilindiyi kimi yeni turbomühərrik «qaynar» RS 3 sedanında və «bərkgedən» TT RS modelində debüt edəcəkdir.
Bundan əlavə, yeni mühərrik, avtomobilin təchiz ediləcəyi və gücünün 550 at qüvvəsi olacağı söylənilən hibrid güc aqreqatının da tərkibinə daxil olacaqdır.
Audi R6 modelinin təqdim ediləcəyi tarix naməlumdur. Deyilənlərə görə, ortamühərrikli sportkar həm kupe, həm də kabriolet tipli kuzovlarla təklif ediləcəkdir.