Keçən yay, Audi şirkətinin yığcam A1 heçtbekini model xəttindən çıxaracağı bildirilmişdi. Audi A1 modelinin cari nəsli 2018-ci ildə debüt edib və standart həyat dövrünün sonuna qədər daha bir neçə il konveyerdə qalacaqdır. İnqolştadt istehsalçısı hetçbekin varisini hazırlamaqdan imtina edib, indi isə, eyni aqibətin Audi Q2 krossoverini gözlədiyi də məlum olub.

Üstəlik, yığcam krossover yaxın zamanda istehsaldan çıxarılacaqdır, çünki Audi Q2 modelinin birinci və yeganə nəsli 2016-cı ildə debüt edib və artıq planlaşdırılmış restylinqdən keçib. Odur ki, modelin istehsal dövrü başa çatmaq üzrədir. Bununla belə, Çində satılan uzunbazalı Audi Q2L və onun elektrik versiyasının ömrü bir qədər uzun ola bilər.

Audi Q2

Maraqlıdır ki, əgər keçən il A1 modelindən imtinanın səbəbi kimi tətbiqindən sonra yığcam avtomobillərin buraxılmasını daha az gəlirli edəcək yeni ekoloji normalar göstərilirdisə, indi isə başqa səbəb peyda olub.

Almaniyanın Handelsblatt nəşrinə müsahibə verən Audi şirkətinin baş direktoru Markus Dyusmann markanın premium imicini gücləndirmək üçün ən kiçik modellərin çeşiddən çıxarılacağını, eyni zamanda, çeşidin yuxarı hissəsində yeni avtomobillərin peyda olacağını bildirib.

Audi A1 Sportback

Elektromobillərlə yanaşı, təqdim ediləcək yeni modellərin arasında Volkswagen Atlas/Teramont modelinin əsasında hazırlanmış benzin krossoverinin də olacağı gözlənilir. Lakin bu model yalnız Çində satılacaqdır.

A1 hetçbekinin və Q2 krossoverinin model cərgəsindən çıxarılmasından sonra, Audi markasının çeşidindəki ən əlçatan avtomobil, Avropada 27 000 avrodan başlayan qiymətlərlə satılan Audi A3 modeli olacaqdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.