Bu günlərdə Audi şirkəti maraqlı bir tizer dərc etmişdir. Dərc edilmiş fotoşəkildə dayanacağa park edilmiş Q3,Q5, və Q7 krossoverləri təsvir edilmişdir. Lakin ən əsası, şəkildəki park yerlərinin birinin boş olması və «Reserved» yazısıdır. Çox güman ki, bununla alman istehsalçısı qarşıdan gələn beynəlxalq Cenevrə avtomobil sərgisində təqdim ediləcəyi ehtimal olunan Q2 krossoverinə işarə edir. Avtomobilin yaxın vaxtlarda təqdim ediləcəyi isə «soon» (tezliklə) sözündən anlaşılır.
Xatırladaq ki, keçən ilin dekabrında Audi şirkəti yeni krossoverin Q2 adlandırılacağını təsdiqləmişdir. Bu o dəməkdir ki, Q2 və Q4 indeksləri ətrafınfa Fiat ilə yaranmış qalmaqal öz həllini tapmışdır. Artıq Fiat şirkəti, hüquqları ona məxsus olan bu ticarət nişanlarının Audi tərəfindən istifadə edilməsinə razılıq vermişdir.
Yeni avtomobil Volkswagen qrupunun MQB modul platformasında istehsal ediləcəkdir. Hazırda bu platformadan Tiguan modelinin ikinci nəslinin istehsalında istifadə olunur. Bundan başqa, bu günlərdə təqdim edilmiş SEAT şirkətinin ilk krossoveri olan Ateca modeli də həmin platformada yığılmışdır. Sonradan bu platformada Şkoda Kodiak modelinin istehsal olunacağı da ehtimal olunur.
Audi Q2 modelinin mühərrik qammasına A1 modelindən tanış olan benzin və dizel mühərrikləri daxil olacaqdır. Bu mühərriklərin gücü 140 - 230 at qüvvəsi arasında dəyişir. Krossover həm öndən çəkişli ötürmə ilə, həm də tam çəkişli quattro sistemi ilə təklif ediləcəkdir.
Çox güman ki, sonradan modelin 300 at qüvvəli mühərriki olan RS variantı da mövcud olacaqdır.