Bir neçə gün bundan əvvəl Audi şirkəti tərəfindən yeni Q2 modelinin gəlişini bildirən tizer dərc edilmişdir. Dərc edilmiş fotoşəkildə dayanacağa park edilmiş Q3,Q5, və Q7 krossoverləri təsvir edilmişdir. Bu hadisədən sonra bloqların birində yeni avtomobilin pərdə altında olan təsvirləri yayılmışdır. Təsvirlərdə artıq avtomobilin konturlarıı və işıq texnikasının forması açıq-aydın görünür. Çox güman ki, yeni avtomobil zahiri görkəmi flaqman krossoveri olan Audi Q7 modelinin dizayn üslubunda həll edilmişdir.
Xatırladaq ki, keçən ilin dekabrında Audi şirkəti yeni krossoverin Q2 adlandırılacağını təsdiqləmişdir. Bu o dəməkdir ki, Q2 və Q4 indeksləri ətrafınfa Fiat ilə yaranmış qalmaqal öz həllini tapmışdır. Artıq Fiat şirkəti, hüquqları ona məxsus olan bu ticarət nişanlarının Audi tərəfindən istifadə edilməsinə razılıq vermişdir.
Yeni avtomobil Volkswagen qrupunun MQB modul platformasında istehsal ediləcəkdir. Hazırda bu platformadan Tiguan modelinin ikinci nəslinin istehsalında istifadə olunur. Bundan başqa, bu günlərdə təqdim edilmiş SEAT şirkətinin ilk krossoveri olan Ateca modeli də həmin platformada yığılmışdır. Sonradan bu platformada Şkoda Kodiak modelinin istehsal olunacağı da ehtimal olunur.
Audi Q2 modelinin mühərrik qammasına A1 modelindən tanış olan benzin və dizel mühərrikləri daxil olacaqdır. Bu mühərriklərin gücü 140 - 230 at qüvvəsi arasında dəyişir. Krossover həm öndən çəkişli ötürmə ilə, həm də tam çəkişli quattro sistemi ilə təklif ediləcəkdir.
Çox güman ki, sonradan modelin 300 at qüvvəli mühərriki olan RS variantı da mövcud olacaqdır.