Audi şirkəti Q2 modelinin «bərkgedən» variantı olacaq krossoveri 2017-ci ilin sonunda 2018-ci ilin əvvəlində təqdim etmək niyyətidədir. «Bərkgedən» modelin Audi RS Q2 adlandırılacağı da söylənilir. Bu barədə məlumatı L’Automobile nəşri yaymışdır. Gözlənilənlərə görə, «qaynar» model 300 at qüvvəsi gücü olan 2,0-litrlik dördsilindirli turboüfürməli mühərriklə hərəkətə gələcəkdir. Güc aqreqatı robotlaşdırılmış S Tronic sürətlər qutusu ilə birgə çalışacaqdır. Bundan əlavə, «qaynar» krossover daha aqressiv görkəmə malik olacaqdır. Deyilənlərə görə, avtomobil yeni radiator barmaqlığı, ön və arxa bamper, həmçinin daha güclü buraxılış sistemi ilə təchiz ediləcəkdir.
Xatırladaq ki, Audi Q2 krossoveri bu il keçirilən beynəlxalq Cenevrə avtomobil sərgisində təqdim edilmişdir. Yeni krossover Audi A3 modelinin son nəslinin istehsalında istifadə edilən MQB platformasında yığılmışdır.
Audi Q2 standart olaraq 116 at qüvvəli üç silindirli turbomühərriklə təchiz edilir. Bundan başqa, avtomobil 190 at qüvvəli 2,0-litrlik turbomühərriklə də təklif edilir. Yeni krossover həmçinin, 116-qüvvəli 1,6-litrlik, 150 və 190 at qüvvəli 2,0-litrlik dizel mühərrikləri də təchiz olunur.
Avtomobilin baza variantı öndən çəkişli ötürmə ilə təchiz edilir. Krossoverin top variantlarını beşinci nəsil Haldex tam çəkiş sistemi ilə də sifariş etmək mümkündür.