2011-ci ildən istehsal edilən Audi Q3 krossoverlərinin ümumi tirajı bu yaxınlarda iki milyon ədədi keçib: bu, Audi şirkətinin ən məşhur modellərindən biridir. İndi isə, krossoverin üçüncü nəsli təqdim olunub. Bu, əvvəlki modelin təkamülüdür və MQB Evo platformasına əsaslanır. Avtomobildə baş vermiş ən vacib yeniliklər keçən il “qohum” Cupra Terramar krossoverində debüt edib.

Əvvəllər Audi ikimərtəbəli optikası olan dəbli dizaynın elektromobilləri üçün nəzərdə tutulduğunu və yanacaqlı modellərin ənənəvi “üzü” saxlayacaqlarını bildirmişdi. Bununla belə, yeni Audi Q3 bu bəyanatı tam şəkildə təkzib edir: onun əsas fənərləri gündüz hərəkət işıqlarının altında yerləşir.
Gündüz hərəkət işıqları isə, onların naxışını dəyişdirməyə imkan verən 23 işıq seqmentini ehtiva edir (standart olaraq dörd seçim var). Əlavə ödəniş müqabilində ilk dəfə olaraq hər birində 25 600 mikro-LED olan və birbaşa yol səthində ipucuları "çəkə" bilən matrisa faralar təklif edilir. Seçimlər arasında parlaq arxa emblemlə dəstdə gələn arxa OLED işıqlar da var.

Yeni Audi Q3 modelinin təkər bazası dəyişməyib: o, sələfi ilə eyni 2680 millimetrlik bazaya malikdir. Lakin krossover sələfindən 47 millimetr uzun (4531 millimetr), 10 millimetr enli (1859 millimetr) və 7 millimetr hündürdür (1623 millimetr).
Aerodinamika yaxşılaşdırılıb: Cx əmsalı 0,32-dən 0,30-a endirilib. 17 ilə 20 düymlük təkər diskləri arasından seçim etmək mümkündür və baza təkər disklərinin eni 215-dən 235 millimetr qədər artırılıb. S line paketi dərhal təklif olunur, lakin indi o, əsasən qara və gümüşü dekor ilə məhdudlaşır.

İnteryerdə böyük dəyişikliklər baş verib. Əl əyləcinin və mühərriki işə salma düymələrinin mərkəzi tuneldə qalmasına baxmayaraq, transmissiyanın idarə edilməsi indi sağ sükanaltı dəstəyə həvalə olunub.
Artıq klimat-kontrolun ayrıca pultu yoxdur, onun idarə olunması 12,8 düymlük mərkəzi displeydə cəmlənib (əvvəlki modeldəki 10,25 əvəzinə). Multimedia sistemi Android Automotive OS əməliyyat sisteminə və quraşdırılmış SİM karta malikdir, odur ki, smartfonu qoşmadan üçüncü tərəfin proqramlarını quraşdırmaq olar.

Cihazlar panelinin 11,9 düymlük ekranı və sürücünün yorğunluq səviyyəsini izləmək üçün nəzərdə tutulmuş kamera standart təchizata daxildir. Seçimlərə proyeksiya displeyi, qabaqcıl Sonos audio sistemi (on iki dinamik, 420 vatt) və salonun inkişaf etmiş kontur işıqlandırması daxildir.
Həmçinin, ilk dəfə olaraq, ön qapılar üçün salondakı səs-küyü azaldan ikiqat şüşələri sifariş etmək mümkündür. Tərtibatda sintetik və təkrar emal edilmiş materiallardan istifadə edilir.

Əvvəllər olduğu kimi, Audi Q3 modelinin baza avadanlığına tənzimlənən arxa divan daxildir: onun hissələrini uzununa istiqamətdə hərəkət etdirmək, kürək hissələrinin bucaqlarını dəyişdirmək olar.
Lakin baqaj nəzərəçarpacaq dərəcədə kiçilib: indi əvvəlki krossoverdəki 530 litr əvəzinə 488 litr var. Arxa oturacaq tam irəliyə doğru hərəkət etdikdə baqajın həcmi əvvəlki 675 litr əvəzinə 575 litrə qədər artır. Arxa oturacaq aşağı qatlandıqda isə, sələfindəki 1525 litr əvəzinə 1386 litr məkan əldə edilir.

Mühərriklərin başlanğıc çeşidinə dörd güc aqreqatı daxildir, lakin artıq mexaniki transmissiya yoxdur - iki muftalı S tronic "robotu" alternativsizdir. Bununla belə, çeşiddə bir turbodizel saxlanılıb: 2.0 TDI mühərriki (150 at qüvvəsi, 360 Nm) yalnız ön ötürmə ilə birlikdə çalışır.
1,5 TFSI benzin mühərriki (150 at qüvvəsi, 250 Nm) 48 voltluq startyor-generatorla tamamlanır, lakin belə krossoverlərdə də yalnız ön ötürmə ola bilər. Yeganə tam ötürməli versiya 2.0 TFSI turbomühərriki ilə (265 at qüvvəsi, 400 Nm) təchiz edilir: quattro transmissiyası arxa oxun qoşulma muftasına malikdir. Bu versiyaların hamısında yeddi pilləli ötürmə qutusu quraşdırılır.

Çeşidin zirvəsində Audi Q3 e-Hybrid plagin hibridi qərarlaşıb. 1,5 TFSI turbomühərriki (177 at qüvvəsi) və altı pilləli "robot" arasında dartma elektrik mühərriki (116 at qüvvəsi) quraşdırılıb. Sistemin pik hasilatı 272 at qüvvəsi və 400 Nm təşkil edir, lakin yalnız ötürmə ön təkərlərədir.
Effektiv tutumu 19,7 kilovat/saat olan dartma batareyası arxa oturacağın altında yerləşir və tam doldurulmiş vəziyyətdə elektrik ötürməsi ilə 119 kilometr (WLTP dövrünə görə) məsafə qət etməyə imkan verir. Daimi cərəyanlı şarjın gücü cəmi 50 kilovatdır.
Audi Q3 genişləndirilmiş təkər izi olan yenidən işləmiş şassiyə malikdir: öndə artım 4 millimetr (1588 millimetr), arxada isə, 5 millimetrdir (1576 millimetr). Seçmək üçün üç yaylı asma variantı var: standart, idman və adaptiv.
Sonuncu halda, ayrıca sıxılma və geriqaytarma klapanları olan amortizatorlar quraşdırılır. 210 km/saata qədər sürətlərdə işləyən adaptiv kruiz-kontrol da təklif olunur. Yeni parkinq köməkçisi keçilmiş yolun son 50 metrini əks istiqamətdə hərəkət edə bilir (sürət 10 km/saatdan çox deyil).
Artıq üçüncü nəsil Audi Q3 krossoverlərinin istehsalına başlanılıb. İstehsal eyni zamanda iki zavodda - Macarıstanın Dyor və Almaniyanın İnqolştadt şəhərindəki müəssisələrdə həyata keçirilir. Satışların başlaması oktyabr ayına planlaşdırılıb. Almaniyada qiymətlər 44 600 avrodan başlayır və plagin hibrid üçün isə, ən azı 49 300 avro tələb olunacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.