Audi şirkəti 2018-ci ildə Q3 krossoverinin ikinci nəslini təqdim etməyə hazırlaşır. Buna baxmayaraq, artıq yeni avtomobil haqqında müəyyən məlumatlar peyda olmağa başlamışdır. Belə ki, Focus nəşri yeni krossoverin Cenevrə avtomobil sərgisində nümayiş etdirilmiş Audi Q2 modelinin üslubunda hazırlanmış dizayna malik olacağını bildirmişdir. Audi Q3 modelinin ikinci nəslinin qabarit uzunluğu 4500 millimetrə çatmalıdır. Audi Q3 avtomobilinin yeni nəslinin salonunun tərtibatı yeni Audi A4 ailəsinin interyerinə bənzərlik daşıyacaqdır. Avtomobilin qabaritlərinin artması sayəsində, onun salonu daha geniş iç məkanına malik olacaq, əsasən də arxa sərnişinlərin ayaqları zonasında ciddi genişlənmə ilə seçiləcəkdir. Baqaj bölməsinin həcmi 400 litrlə, arxa oturacaqların qatlanması halında isə 1300 litr təşkil edəcəkdir.

Yeni Audi Q3 modelinin mühərrik çeşidinə 1,4-litrlik benzin turbomühərriki də daxil olmaqla, bir necə benzin və dizel mühərrikləri daxil ediləcəkdir. Yeni krossover, həmçinin 190 və 230 at qüvvəli 2,0-litrlik benzin mühərrikləri ilə də təchiz edilə bilər.

Dizel mühərriklərin siyahısına 120, 150 və 190 at qüvvəli güc aqreqatları daxil olacaqdır. Bütün güc aqreqatları altı pilləli mexaniki və ya yeddi diapazonlu robotlaşdırılmış iki muftalı sürətlər qutusu ilə təchiz edilə bilərlər. 

Həmçinin, avtomobilin 400 at qüvvəli RS Q3 və 280 at qüvvəi SQ3 modifikasiyalarının da istehsal edilməsi istisna edilmir.