Audi şirkəti yenilənmiş Q3 krossoverini təqdim etmişdir. Yığcam krossover azacıq dəyişikliklərə məruz qalmış eksteryeri və yeni S line competition modifikasiyası ilə seçilir. Yenilənmiş krossoverin kütləvi nümayişi bu ayın sonlarında keçiriləcək Paris avtosalonunda baş tutacaqdır.
Yenilənmiş avtomobildə Design, Sport və S line modifikasiyaları arasındakı fərq daha qabarıq görünür. İlk modifikasiyanı ön və arxa bamperlərin ortasında quraşdırılmış gümüşü rəngli müdafiə elementlərinə, təkər tağlarının boz rəngli əlavələrinə və yan hava girişlərindəki eyni rəngli şaquli həddlərə görə tanımaq olar.
Sport modifikasiyasının seçilən elementləri geniş hava girişləri olan ön hissə, boz rəngli radiator barmaqlığı və ön bamperin kuzovun rənginə boyanmış mərkəzi hissəsidir. S line modifikasiyasında isə hava girişlərində rombşəkilli işləmələr quraşdırılmış, radiator barmaqlığı isə qara parlaq rəngə boyanmışdır.
S line competition modifikasiyası isə S line variantı ilə eyni təchizata malikdir, lakin dizayn elementlərinin çox hissəsi qara parlaq rəngə boyanmışdır. Bunlara hava girişlərinin yan barmaqlıqları, təkər tağları, qapıların aşağı hissəsinə bərkidilən əlavələr, güzgülərin korpusları, şüşələrin haşiyələri, arxa spoyler və arxa bamperin aşağı hissəsi aiddir. Bundan başqa, yeni versiya standart olaraq dəri örtüklü idman oturacaqları, Audi drive select sistemi və 19-düymlük təkər diskləri ilə təchiz edilir.
Audi Q3 modeli üçün təklif edilən mühərrik qammasında dəyişiklik baş verməmişdir.