Bu gün Audi şirkəti Q3 krossoverinin kupeşəkilli variantını təqdim edib. Məntiqə uyğun olaraq, Audi Q7 və Q8 cütlüyündən sonra, Audi Q3 modelinin kupeşəkilli versiyası Q4 adlandırılmalı idi. Lakin, İnqolştadt təmsilçisi bu adı elektrik krossoveri üçün saxlayıb. Kupeşəkilli Q3 isə, ənənəvi Sportback indeksi ilə işarələnib.
Əslində, bu indeks baş vermiş dəyişikliklərin cüzi xarakter daşıdığına işarə edir. Diqqətlə baxdıqda, iki avtomobil arasında fərqin yalız kuzov formasında olduğunu görmək olar. Audi Q3 Sportback üç millimetr alçaldılmış dam xəttinə sahib olub. Müvafiq olaraq, arxa şüşənin və dayaqların maillik dərəcəsi də artıb.
Audi Q3 modelinin qabarit uzunluğu 4500 mm, eni - 1940 mm, hündürlüyü isə, 1560 mm təşkil edir. Audi Q3 Sportback modelinin seçilən xüsusiyyətindən biri də iri özəkləri olan radiator barmaqlığıdır.
Avtomobilin interyerində heç bir dəyişiklik baş verməyib. Audi Q3 modelində olduğu kimi, kupeşəkilli krossover standart olaraq 10,25 düymlük virtual cihazlar paneli ilə təchiz ediləcəkdir. 12,3-düymlük rəqəmsal panel üçün əlavə ödəniş gərəkdir. Multimedia sistemi də, standart olaraq, 8,8 düymlük ekdanla təklif edilir. 10,1 düymlük ekranı arzulayanlar yenə də əllərini ciblərinə salmalı olacaqdırlar. Bundan başqa, səslə idarəetməni, Wi-Fi giriş nöqtəsini və smartfondan məsafədən idarəetməni də sifariş etmək də mümkündür.
Adi Audi Q3 modeli üçün opsiya olan uzununa tənzimlənən üçbölməli arxa divan Sportback üçün standartdır. Lakin, onun yerdəyişmə diapazonu 150-dən 130 mm qədər azalıb. Baqaj bölümünün həcmi adi krossoverdəki ilə eynidir - 530 litr. Arxa cərgənin qatlanması halında baqaj həcmi 1400 litr (- 125 litr) təşkil edir.
Audi Q3 Sportback modelinin baza təchizatına idman asqısı və proqressiv sükan idarəetməsi daxil edilib. Bu mexanizm Q3 modelində də təklif edilir, amma əlavə ödənişlə. Əlavə ödənişlə Q3 Sportback üçün tənzimlənən amortizatorları da sifariş etmək olar.
Mühərrik çeşində dəyişikliyin olmayacağı gün kimi aydındır. İlkin olaraq, Audi Q3 Sportback 150 at qüvvəli turbodizel ilə təchiz edilən 35 TDI və 230 at qüvvəli benzin turbomühərriki ilə hərəkətə gələn 45 TFSI modifikasiyalarında təklif ediləcəkdir. Sonradan 150 at qüvvəli 1,5-litrlik və 190 at qüvvəli 2,0-litrlik benzin mühərrikləri, həmçinin 190 at qüvvəli 2,0-litrlik turbodizel də mühərrik çeşidinə daxil ediləcəkdir. Transmissiyalar - 6-pilləli mexaniki qutu və 7-pilləli S-tronic «robotudur». Ötürmə - öndən və ya tam çəkişli olacaqdır.
Audi Q3 Sportback modeli də alman markasının Macarıstanın Dyor şəhərindəki zavodunda buraxılacaqdır. Kross-kupenin satışlarına bu ilin payızında başlanmalıdır. Onun qiyməti 40200 avrodan başlanır ki, bu adi krossoverdə olduğundan 1600 avro çoxdur.