Audi Q4 e-tron və Q4 Sportback e-tron modelləri iyun ayından başlayaraq Avropada satışa çıxarılıb, lakin hələlik populyarlıq qazanmağa müvəffəq olmayıblar. Bununla belə, alman istehsalçısı elektrokarın modifikasiya çeşidini genişləndirdiyini bəyan edib: mövcud olan beş varianta iki yenisi əlavə olunub.
Yeni modifikasiyalardan birincisi arxa ötürməli Audi Q4 Sportback 40 e-tron modelidir. Xatırladaq ki, universal kuzovlu Audi Q4 e-tron modelinin belə versiyası əvvəlcədən təklif edilirdi. Bu, çeşiddə olan ən qənaətcil və uzunmənzilli modifikasiyadır.
Audi Q4 Sportback 40 e-tron
Q4 Sportback 40 e-tron modelinin təchiz olunduğu 77 kilovat-saatlıq batareya WLTP dövrünə əsasən 534 kilometrlik yürüyüş üçün kifayət etməlidir: beşqapılı universal kuzovu ilə müqayisədə daha yaxşı aerodinamikaya malik olan kupeşəkilli kuzov əlavə 14 kilometr məsafə qət etməyə imkan verir.
Arxa oxdakı yeganə elektrik mühərriki 204 at qüvvəsi və 310 Nm fırlanma anı hasil edir. Audi Q4 Sportback 40 e-tron modelinin Almaniyadakı satış qiyməti 49.500 avrodur.
Audi Q4 45 e-tron quattro
İkinci modifikasiya - tam ötürməli Audi Q4 45 e-tron quattro krossoveridir. Texniki cəhətdən yeni versiya “böyük” 50 e-tron quattro modifikasiyası ilə eynidir, lakin gərək olduqda qoşulan ön elektrik mühərrikinin hasilatı proqram təminatı ilə məhdudlaşdırılıb. Buna görə də, ikimühərrikli güc qurğusunun gücü 299-dan 265 at qüvvəsinə, fırlanma anı isə 460-dan və 425 Nm-ə endirilib.
Hasilatın azalması dinamikaya təsir göstərib: 100 km/saata sürətlənmə müddəti 6,2-dən 6,9 saniyəyə qədər artıb, maksimal sürət isə 180 km/saat həddində məhdudlaşdırılıb.
Dolu batareya ilə yürüyüş məsafəsi simvolik olaraq 488-dən 490 kilometrə qədər artırılıb. Q4 45 e-tron modeli yalnız universal formatında təklif olunur. Krossoverin qiyməti 50.900 avrodan başlayır. Xatırladaq ki, daha güclü 50 e-tron quattro versiyası 53.600 avroya başa gəlir. Artıq Avropada yeni versiyalara sifarişlərin qəbuluna başlanıb.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.