Bir neçə gün bundan öncə, kupeşəkilli Audi Q4 krossoverinin güclü kamuflyaja malik olan prototipinin fotoşəkillərini dərc etmişdik. Bu günlərdə paparazzilər prototipin yeni şəkillərini çəkməyə müvəffəq olublar. Bu dəfə kross-kupenin nazik naxışlı kamuflyajla örtüldüyünü görmək olar.
Avtomobil aləmi ilə yaxından tanış olanlar, “Q4” əmtəə nişanının hüquqlarının Alfa Romeo şirkətinə məxsus olduğundan xəbərdardırlar. İtalyanlar bu nişanla tam çəkiş sistemi ilə təchiz edilən modellərini qeyd edirdilər. Bir neçə il bundan öncə alman istehsalçısı italyanlardan bu hüquqları satın almaq istəsə də, Alfa Romeo şirkəti inad edərək, nişanın satılmasına razılıq verməmişdir. Bu səbəbdən də, kross-kupenin Audi Q3 Sportback adlandırılacağını da ehtimal edənlər də vardır.
Audi Q4 modeli də Q3 krossoveri kimi MQB modul platformasında inşa ediləcəkdir və müvafiq olaraq sonuncunun təchiz edildiyi texnologiyalara və mühərrik çeşidinə sahib olacaqdır. Buna misal olaraq, Q3 modelinin standart təchizatına daxil olan 10,25 düymlük virtual cihazlar panelini və multimedia sisteminin 9,2 düymlük sensorlu displeyini, çoxsaylı təhlükəsizlik sistemlərini, zolağa və kor zaonalara nəzarət funksiyasını , adaptiv kruiz-kontrol sistemini göstərmək mümkündür.
Güc aqreqatalarına gəldikdə isə, Q4 modelinin standart olaraq 150 at qüvvəli 1,5-litrlik turbomühərriklə təchiz ediləcəyini söyləmək olar. Modelin mühərrik siyahısına 150 və 190 at qüvvəli təklif edən 2,0-litrlik benzin və dizel mühərriklərinin də daxil ediləcəyi şübhə doğurmur. Avtomobilin top variantı olacaq RS Q4 modelinin isə 395 at qüvvəli 2,5-litrlik turbomühərriklə təchiz ediləcəyi ehtimal olunur.
Bildiyimiz kimi, Audi Q3 və Q4 modellərinin inşa edildiyi MQB platforması qoşulan hibrid aqreqatlarının quraşdırılmasını da nəzərdə tutur. Lakin, məlum olduğu kimi, Q3 modelinin mühərrik çeşidində hibrid qurğu mövcud deyildir. Çox güman ki, Q4 modeli də ilkin zamanlarda hibrid modifikasiyasız təklif olunacaqdır.
Yeni Audi Q4 modelinin gələn ilin payızında keçiriləcək Frankfurt avtosalonunda debüt edəcəyi gözlənilir.