Audi Q5 modelinin birinci nəsli Azərbyacan bazarında o qədər də populyar olmayıb. Lakin bu, heç də krossoverin günahı deyildir. 10 il bundan öncə debüt etmiş krossover 1,6 milyon nüsxəlik tirajla satılıb. Məlumdur ki, Audi Q5 modelinin ikinci nəsli 2016-cı ilin sentyabrında işıq üzü görüb. Bir ildən sonra isə yeni model bizim bazarda debüt edib. Bəs yeni nəsil bizlərə nə yeniliklər hazırlayıb? Artıq bunu müəyyən etməyin vaxtı gəlib çatıb.
Alman markasının yerli nümayəndəsi olan European Cars MMC şirkəti bəlkə də ölkəmizdə fəaliyyət göstərən yeganə dilerdir ki, geniş test parkına malikdir.
Bu markanın əsas rəqibləri barədə bunu söyləmək olmaz - onlardan bəzisində test üçün nəzərdə tutulan avtomobillər olsa da, bu «test avtomobillərdən» daha çox xidməti nəqliyyat vasitəsi kimi istifadə edilir. Mətbuata bir neçə günlük test təklifini isə, ümumiyyətlə fantastik addım kimi qiymətləndirmək olar. Nə isə. Mətləbdən uzaqlaşmayaq. Audi Q5 modeli ilə ilk tanışlığımız keçən il Qubada keçrilən «quattro günləri» çərçivəsində baş tutmuşdur. O zaman qısa olsa da, krossoveri Ağsu aşırımında yoxlamaq imkanımız olmuşdur.
Bu dəfə isə, «European Cars» avtomobili bir necə günlük testə götürmək təklifi ilə dərgimizə müraciət edib.
İkinci nəsil Audi Q5 modeli Volkswagen qrupuna məxsus olan MLB evo modul platformasında inşa edilibdir. Yeni təkmilləşdirilmiş platformanın tətbiqi ilk növbədə avtomobili 125 kiloqram (Q5 2.0 TFSI quattro) yüngül etməyə imkan verib.
Lakin, yeni platformanın üstünlüyü təkcə bundan ibarət deyildir - Q5 modelinin idarəolunması tamamilə yeni səviyyəyə yüksəldilibdir. Krossoverin idarəetmə xüsusiyyətlərinin yaxşılaşdırılması heç də onun gediş rahatlığına mənfi təsir göstərməyib. Əksinə, yeni Q5 sələfinə nisbətən daha komfortludur.
Yeni krossoverin qabarit uzunluğu 4663 millimetr, eni - 1893 millimetr, hündürsüyü - 1659 millimetrdir. Audi Q5 modelinin təkər bazasının uzunluğu 2819 millimetrə bərabərdir. Beləliklə, yeni model sələfindən 34 millimetr uzun, 4 millimetr hündürdür.
Yeni modelin təkər bazası da 12 millimetr genişlənibdir. İkinci nəsil Q5 krossoverinin baqaj bölümünün həcmi 550 litr təşkil edir. İkinci cərgənin oturacaqlarının önə çəkilməsi zamanı 60 litr əlavə məkan da əldə etmək mümkündür. Oturacaqların qatlanması halında baqaj bölümünün həcmini 1550 litrə çatdırmaq olar.
Audi Q5 modeli dörd dizel və bir benzin mühərriki ilə təklif edilir. Dizel mühərrikləri üç güc göstəricisinə - 160, 163 və 190 at qüvvəsinə, - malik olan 2,0-litrlik dörd silindirli güc aqreqatı ilə təmsil olunub. Bundan əlavə, krossoveri 386 at qüvvəsi və 620 Nm fırlanma anı olan 3,0-litrlik turbodizeli və səkkiz pilləli avtomatik Tiptronic qutusu ilə də sifariş etmək mümkündür.
Audi SQ5 modelini nəzərə almasaq, modelin təchiz edildiyi yeganə benzin mühərriki Audi A4 və A6 modellərindən tanış olan 252 at qüvvəli 2,0-litrlik TFSI aqreqatıdır. Dörd silindrli mühərrik altı pilləli mexaniki və ya yeddi pilləli S tronic «robotu» ilə birgə çalışır. 2,0-litrlik dizel mühərriklərinə də eynisini şamil etmək olar.
Audi Q5 krossoveri yeni nəsil quattro ultra tam çəkiş sistemi ilə də təchiz edilibdir. Xatırladaq ki, yeni sistemdə qeyri-simmetrik Torsen differensialı çoxdiskli mufta ilə əvəzlənibdir. Ən güclü dizel variantı isə Torsen differensialını qoruyub-saxlayıbdır. Bundan əlavə, top-dizel modifikasiyası üçün arxa idman differensialını sifariş etmək olar.
İkinci nəsil Q5 krossoverini drive select sistemi vasitəsi ilə sərtliyi dəyişdirilən yay və amortizatorlarla yanaşı beş quraşdırılmış klirensi seçmə rejimi olan pnevmatik asqı sistemi ilə də sifariş etmək olar. Xatırladaq ki, əvvəlki nəsil Audi Q5 krossoveri üçün pnevmatik asqı sistemi təklif edilmirdi.
Yeni krossoverin avadanlıq siyahısına matrisa tipli ön fənərlər, qızdırlan multifunksional sükan çarxı, masaj funksiyalı oturacaqlar, salon işıqlandırmasının tənzimlənməsi, «Virtual cockpit» rəqəmsal cihazlar paneli, 8,3-düymlük sensorlu ekranı və taçpadı olan multimedia sistemi, 3D effektli Bang&Olufsen səs sistemi və arxa sərnişinlər üçün ön öturacaqların arxa hissəsində bərkidilən planşetlərdən ibarət əyləncə sistemi daxil edilmişdir.
Avtomobilin elektron «köməkçilər» siyahısında adaptiv kruiz-kontrol, arxaya hərəkət zamanı yaxınlaşan avtomobil haqqında xəbərdarlıq edən sistem, mümkün toqquşmaları önləyən sistem, yol nişanlarını tanıyan və təcili əylənmə sistemi mövcuddur. Bunlar avtomobil haqqında ümumi məlumatlardır. Bizə testə təqdim edilmiş avtomobil, məlum məsələdir ki, 252 at qüvvəli benzin mühərriki və S-Tronic «robotu» ilə təchiz edilibdir.
Bu bizim bazarda ən populyar olan modifikasiyadır. Fikrimcə bu tandemi bizim bazar üçün «qızıl orta» saymaq olar. Ən güclü dizel modifikasiyasının qiymətinin təhlükəli şəkildə bayraqdar Audi Q7 modelinə yaxın olması onu heç də cəlbedici etmir.
Sürətlənməyə gəldikdə isə, 252 at qüvvəsi və 370 Nm fırlanma anı hasil edən 2,0-litrlik turbomühərrik S-tronic qutusu ilə birlikdə krossoveri 100 km/saat həddinə 6,3 saniyəyə sürətləndirir. Əlbəttə ki, bunun üçün «drive select» sistemini Dynamic rejiminə keçirmək gərəkdir. Qeyd etmək lazımdır ki, ikinci nəsil Q5 modelində quraşdırılan S-tronic «robotu» tamamilə yeni qutudur və iki «yaş» mufta ilə təchiz edilmişdir.
Yeni qutu sələfindən daha rəvan və yeyin işləməsi, həmçinin sürüş üslubuna çevik uyğunlaşması ilə seçilir. Krossoverin idarələnməsi də sələfinə nisbətən daha yaxşı olubdur - düzlüklərdə və döngələrdə avtomobil daha sabit və sürətlidir. Asqı sisteminin işini də yüksək qiymətləndirmək olar.
Adətən avtomobil istehsalçıları və dilerləri test avtomobilini pnevmatik asqı ilə təchiz etməyi üstün tuturlar. Lakin, yerli nümayəndəlik bu ənənənin əksinə olaraq standart asqı sifariş edibdir. Məncə bu daha düzgün addımdır - çünki sifarişçilərin əksər hissəsi avtomobili məhz belə asqı ilə sifariş edirlər (Şəxsən mən daha sərt olan S line variantına üstünlük verərdim).
İkinci nəsil Q5 modelinin ən maraqlı xüsusiyyətlərindən biri də onun səs izolyasiyasıdır - aşağı sürətlərdə hərdən daxili yanacaq mühərriki ilə hərəkət edən avtomobilin sükanı arxasında olduğunu unudursan. Yeganə dinləyəcəyiniz səs şinlərin qaba asfalt səthi ilə təmasından yaranan səsdir. Sükan idarəetməsi də təkmilləşdirilibdir - sükan «yüngüldür» və sükanın dönməsinə dəqiq reaksiya verir.
Artıq qeyd etdiyimiz kimi, Audi Q5 modelinin ikinci nəsli quattro ultra tam çəkiş sistemi ilə təchiz edilir. Yeni sistemin əsas xüsusiyyətlərindən biri iki çoxdiskli muftaya sahib olmasıdır. Bu arxa oxda yerləşdirilən mufta ehtiyac olmadıqda arxa oxu ayırır və avtomobili öndən çəkişli edir. Öndəki mufta isə kardan valını ön öxdan ayırır və beləliklə val da boş-boşuna fırlanmır. Alman şirkətinin mühəndislərinin bildirdiyinə görə, yeni sistem 100 kilometrə 0.3 litr yanacağa qənaət etməyə imkan verir. Üstəlik, sistemin vəziyyətə reaksiya verərək arxa oxu qoşmasına 0,2 saniyə zaman gərəkdir.
Etiraf etməliyəm ki, uzun müddət Torsen differensialı olan tam çəkiş sistemi ilə təchiz edilən avtomobili idarə edən şəxs kimi mən iki sistem arasında fərqi hiss edə bilmədim. Məlum məsələdir ki, altı il müddətində üzərində işlər aparılan yeni sistem mükəmməl bir mexanizm olmalıdır. Mühəndislər yeni sistemin ən sərt hava şəraitlərində - qızmar cənubda və buzlu şimalda, - sınaqlardan keçirildiyini bildirir və sistemin etibarlılığına zəmanət verirlər.
Yuxarıda da qeyd etdiyimiz kimi yeni Q5 çoxsaylı aktiv və passiv təhlükəsizlik sistemləri ilə təchiz edilir. Bunlardan ən maraqlısı isə Pre sense city öndən toqquşmaları xəbərdarlıq edən sistemdir. Bizim şəhərdə olan qeyri-adekvat sürücü və piyadlarım sayını nəzərə alsaq çox faydalı və əvəzolunmaz bir avadanlıqdır. Bu sistem həm avtomobillərə və həm də özlərini qəfildən maşının altına atan piyadalara reaksiya verir və hətta aşağı sürətlərdə avtomatik olaraq əyləcləri aktivləşdirir. Testlər zamanı 3 dəfə sistemin necə çalışmasının bilavasitə şahidi oldum. Əla sistemdir!
Keçək avtomobildə ən çox vaxt keçirdiyimiz məkana - yəni onun salonuna. Audi Q5 modelinin interyeri A4 və Q7 modelində gördüyümüzdən bir qədər fərqlənir - burada ön panel boyu uznan deflektorlardan imtina edilib.
Qalan elementlər isə artıq tanışdır. İnteryerin yığım keyfiyyəti çox yüksək səviyyədədir. Tərtibatda istifadə edilən materiallar da - əlbəttə ki, sərt plastikdən hazırlanmış bir-iki xərda elementləri çıxmaqla. Sürücü yerinin erqonomikası da əla səviyyədədir. Yeganə iradım mühərriki işə salma düyməsinin yerləşməsinədir. Adətən bu düymə mərkəzi tonneldə avtomatik qutunun dəstəyinin yaxınlığına yerləşir. Q5 modelində isə, onu mərkəzi konsolun alt hissəsində «gizlədiblər».
Avtomobil indi dəbdə olan virtual cihazlar paneli ilə deyil, ənənəvi panel ilə təchiz edilibdir. Məncə belə cihaz da etibartlı və rahatdır. Panelin mərkəzində yerləşən iri displeyi də sürücünü kifayət qədər məlumatla təmin edir. Standart oturacaqlar əvvəlkinə nisbətən daha yaxşı dəstəyi və komfortu təmin edir. Arxa cərgədə də kifayət qədər geniş məkan vardır.
İkinci nəsil Audi Q5 modelinin eksteryer dizaynı bu krossoverə xas olan cizgiləri qoruyub-saxlayıb. Arxa hissə əvvəlki nəsli demək olar ki təkrar edir. Avtomobilin həqiqətən də yeni nəsil olduğundan əmin olmaq üçün ona ön və yan tərəflərdən baxmaq gərəkdir. Yeni dizayn üslubu avtomobili daha aqressiv edib - bu görmək üçün sadəcə krossoverlə üzbəüz duraraq onun işıqdiodlarından olan iti «gözlərinə» baxmaq kifayətdir.
Etiraf etməliyəm ki, krossoverləri və ofrouderləri sevmirəm. Lakin, reallıq budur ki, alıcıların əksər hissəsi məhz belə nö avtomobillərə üstünlük verir. Audi Q5 modeli də təbiətən aqressiv olmayan və sanballı insanlara ünvanlanan bir avtomobildir. Əla idarəetmə və komfort xarakteristikaları, zəngin təchizatı və universallığı bu modeli çoxlarına sevdirəcəkdir. Əlbəttə ki, ən azından 46 min avronuz vardırsa...