Audi şirkəti orta ölçülü Q5 krossoverinin üçüncü nəslini təqdim edib. Krossoverin üçüncü nəslidə eksteryer və interyer dizaynından tutmuş platformaya qədər hər şey dəyişib. Audi həm standart Q5, həm də “bərkgedən” SQ5 modelini təqdim edərək Avropada yeniliyin “mülayim hibrid” qurğularla təklif ediləcəyini təsdiqləyib. Qiymətlər 52,3 min avrodan başlayır və 82,9 minə (SQ5 üçün) çatır.
Dizayna gəlincə, almanlar Q5 modeli üçün təkamül yolunu seçiblər: radiator barmaqlığı dəyişdirilib, onun naxışı indi zəncir halqalarına bənzəyən böyük pətəklərdən ibarətdir. Ön faralarda fərqli "işıq imzası" peyda olub, işıq texnikası özü isə, nazikləşib. Arxadakı fənərlər əyləc işığının nazik zolağı ilə birləşdirilib, arxa bamperə isə, buraxılış sisteminin böyük düzbucaqlı çıxış boruları inteqrasiya olunub. Hətta nişanlar də dəyişib - dörd halqada artıq dəliklər yoxdur, onlar "bağlıdırlar".
Əgər eksteryer dizaynının inkişafı təkamül sayılırsa, o zamn interyerdə əsl inqilab baş verib - bundan sonra Q5 krossoverində artıq yeni A5 modelində gördüyümüz və Audi şirkətinin “rəqəmsal səhnə” adlandırdığı 3-ekranlı kokpit var. O, 11,9-düymlük cihazlar paneli, 14,5-düymlük mərkəzi taçskrin və ön sərnişinin önündəki 10,9-düymlük əlavə ekrandan ibarətdir. Əlavə ödəniş qarşılığında proyeksiya ekranını da quraşdırmaq olar.
Krossover A5 ailəsində tətbiq edilən Premium Platform Combustion (PPC) arxitekturasına əsaslanır. Bu, MLB Evo platformasının modernləşdirilmiş versiyasıdır. Avropa çeşidinə yalnız 24 at qüvvəsi güc artımını təmin edən 48 voltluq elektrik sisteminə malik olan yumşaq hibridlər (MHEV) daxildir. Avtomobillər alternativi olmayan iki muftalı yeddi pilləli S tronic “robotu” ilə təchiz edilirlər.
Lakin ilk mərhələdə üç mühərrik təklif ediləcək: baza mühərriki sayılan 204 at qüvvəli 2.0 TFSI (quattro tam ötürməsi opsiyadır), 2.0 TDI turbodizel (belə Q5 yalnız tam ötürməlidir) və “bərkgedən” SQ5 modelinin imtiyazı olan 367 at qüvvəli 3.0 TFSI V6 turbomühərriki. Audi şirkəti artıq səkkiz ildir ki, Q5 modelini Meksikada istehsal edir, yeni model də bu ölkədə buraxılacaq.
Qeyd etmək lazımdır ki, son vaxtlar indiki nəsil krossoverin işləri heç də yaxşı getmir - satışlar həm Avropada, həm də ABŞ-da aşağı düşüb. JATO Dynamics agentliyinin məlumatına görə, 2024-cü ilin birinci yarısında avropalılar 15,7 mindən az Q5 alıblar ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 29 faiz azdır. Q5 Sportback kross-kupesinə tələbat 44 faiz azalaraq 9,2 min ədədə düşüb. Ştatlarda ailə altı ayın nəticələrinə görə 24.571 nüsxədə satılıb ki, bu da 30 faizlik azalmaya bərabərdir. Alman istehjsalçısı həm avropalıların, həm də amerikalıların yeni Q5 krossoverinin dizaynını bəyənəcəklərinə ümid edir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.