OmniAuto avtomobil nəşriyyatının dizaynerləri yeni nəsil Audi Q5 modelinin qeyri-rəsmi renderini hazırlamışlar. Dizaynerlər renderi hazırlanması prosesində avtomobilin cəsuslar tərəfindən çəkilmiş kamuflyajlı fotoşəkillərindən istifadə etmişdirlər. Son zamanlar Audi şirkəti Q5 modelinin prototiplərinin sınaqlarının intensivliyini artırdığı üçün avtomobil daha çox fotoobyektivlərə tuş gəlmişdir. Bizdə olan məlumata görə, yeni krossover simasında inqilabi dəyişikliklər olmayacaq. Avtomobilin eksteryerinin dizaynındakı dəyişikliklər daha çox təkamül xarakterli olmalıdır.
İlk növbədə ən güclü dəyişiklik avtomobilin ön hissəsində olacaqdır. Güman edilir ki, öndən yeni avtomobil Audi Q7 modelinin ikinci nəsli ilə bənzərlik daşımalıdır. Avtomobilin arxa hissəsinin dizaynı isə cüzi dəyişikliklərə məruz qalacaqdır.
Məlum olduğu kimi, Audi Q5 krossoverinin yeni nəsli A4 modelinin istehsalı üçün istifadə edilən MLB-evo platformasının təkmilləşdirilmiş variantında hazırlanacaqdır. Bu platformanın əvvəlki variantında Audi Q7 krossoveri istehsal edilir. Yeni platforma sayəsində yeni Q5 sələfindən 100 kiloqrama qədər yüngül olmalıdır.
Bundan əlavə, yeni Q5 krossoverinin bir müddət bundan əvvəl təqdim edilmiş quattro ultra tam çəkiş sistemi ilə də təchiz ediləcəyi məlumdur. Audi Q5 əvvəllər də olduğu kimi mühərrik qammasını Audi A4 modeli ilə bölüşəcəkdir.
Söylənənlərə görə, yeni krossoverin SQ5 variantından başqa, 450 at qüvvəli 3,0-litrlik V6 mühərriki ilə təchiz edilən RS və ekologiya dostu olan Q5 e-tron variantı da olmalıdır.