Audi markasının krossover çeşidində yenilik gözlənilir. Bu günlərdə Çinin sertifikatlaşdırma orqanı Audi Q6 krossoverinin ilk şəkillərini və onun haqqında məlumatı dərc edib. Bu indeks sizi yanıltmasın, məntiqə əsasən Q6 modeli Q5 və Q7 krossoverinin arasında yerləşməlidir, lakin yeni model ölçülərinə görə Audi Q7 krossoverini bütün istiqamətlərdə üstələyir.
Əgər Audi Q7 modeli uzununa yerləşən mühərriki olan MLB platformasında inşa edilibsə, Q6 modelinin əsasını sadə və ucuz MQB Evo platforması təşkil edir. Yəni, Audi Q6 eninə yerləşən mühərrikə və əsas ön ötürməyə malikdir. Audi Q6 modelinin yaxın texniki qohumu Volswagen Teramont krossoveridir – hər iki avtomobil 2980 millimetrlik təkər bazasına sahibdirlər.
Sertifikatdan göründüyü kimi, Q6 modelinin uzunluğu 5099 millimetr, eni - 2014 millimetr, hündürlüyü isə 1970 millimetrdir. Xatırladaq ki, Q7 modelində bu göstəricilər müvafuq olaraq, 5063, 1970 və 1741 millimetr təşkil edir. Razılaşaq ki, təkcə buna görə avtomobilə Q9 indeksini vermək düzgün olmazdı. Q6 modeli 17-20 düym arasında ölçüsü olan təkər diskləri, xrom dekor və ya “tünd” idman paketi ilə təklif ediləcəkdir.
Artıq Audi Q6 modelinin interyerinin casus şəkli də mövcudddur: salon son Audi modellərinin üslubunda tərtibata malikdir. Burada sensorlu mərkəzi konsolu, “ağacdan” işləmələri və transmissiyanın xarakterik dəstəyini görmək olar. Audi Q6 modeli standart olaraq üçcərgəli salon ilə təklif ediləcəkdir. İlkin olaraq ikinci cərgədə divanı olan yeddiyerli, sonra isə fərdi oturacaqları olan altıyerli versiya debüt etməlidir.
Audi Q6 modelinin mühərrik çeşidini Teramont ilə bölüşür: iki güc variantında (231 və 265 at qüvvəsi) təklif edilən 2,0-litrlik TFSI mühərriki baza aqreqatı olacaqdır. Çində 2,5-litrlik V6 mühərriki (299 at qüvvəsi) olan modifikasiya da təklif ediləcəkdir. Audi Q6 krossoverləri SAIC Volkwagen birgə müəssisəsi tərəfindən Teramont modelinin istehsal olunduğu zavodda buraxılacaqdlar.
Audi Q6 modelinin rəsmi debütü yaxın aylarda baş tutmalıdır. Bu krossoverin Çindən kənarda satılıb-satılmayacağı barədə məlumat verilməyib.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.