Audi şirkəti İnqolştatda keçirilmiş xüsusi mərasimdə Q7 krossoverinin «bərkgedən» variantı olan Audi SQ7 modelini təqdim etmişdir. Krossoverin «bərkgedən» variantı üç üfürməli dizel güc aqreqatı ilə təchiz edilir. «Ağır yanacaq» ilə işləyən mühərrik iki turbokompressora və aşağı dövriyyələrdə olan gecikməni aradan qaldıran elektrik kompressoruna malikdir. Audi SQ7 modeli 100 km/saat sürətini 4,8 saniyəyə toplayır.
«Bərkgedən» Audi Q7 krossoveri 4,0-litrlik səkkiz silindirli dizel güc aqreqatı ilə hərəkətə gəlir ki, bu mühərrikin də gücü 435 at qüvvəsi və 900 Nm fırlanma anıdır. Mühərrikin fırlanma anı 1000 dövr/dəqiqədən 3250 dövr/dəqiqəyə qədər olan diapazonda əlçatandır.
Güc aqreqatı səkkiz diapazonlu avtomatik sürətlər qutusu və Torsen mərkəzi differensialı olan tam ötürməli çəkiş sistemi ilə birgə çalışır. Opsional olaraq aktiv arxa differensialı da sifariş etmək olar.
Adi turbinlər mühərrik blokunun haçalandığı yerdə bərkidilmişlər. Elektrikli üfürmə üçün isə xüsusi 48 voltluq sistem yaradılmışdır ki, bu sistem, həmçinin kuzovun yana əyilmələrinin qarşısını alan aktiv elektromexaniki sistemi də qidalandırır.
Sonuncu sistem tam idarələnən şassi, pnevmatik asqı, aktiv amortizatorlar və mərkəzində üç pilləli planetar reduktor yerləşən köndələn dayanıqlıq sisteminin aktiv stabilizatorları ilə birgə fəaliyyət göstərir. Ön və arxa stabilizatorlar bir birindən aslı olmayaraq sərbəst şəkildə tənzimlənə bilərlər.
«Bərkgedən» krossoverin maksimal sürəti 250 km/saat təşkil edir. Avtomobilin yanacaq sərfiyyatı 100 kilometrə 7,4 litr təşkil edir ki, zərərli CO2 tullantılarının səviyyəsi isə 190 q/km bərabərdir.
Audi SQ7 modelinin əlavə avadanlıqlar siyahısına karbon-saxsıdan hazırlanmış diskləri olan daha effektiv əyləc sistemi, 21 və 22 düymlük təkər diskləri, matrisa tipli ön fənərlər, yeddi yerli salon, 23 dinamiki və 1920 vatt gücü olan Bang&Olufsen səs sistemi, arxa sərnişinlər üçün planşetlər, LTE şəbəkəsinə qoşulmaq üçün Wi-Fi girişi daxildir.
Bundan əlavə, krossoverin təchizatına avtomobili tıxacda sərbəst hərəkət etdirə bilən adaptiv kruiz-kontrol sistemi də daxil olan24 adda sürücü «köməkçisi» də daxil edilmişdir.
Yana əyilmələrin qarşısınə alan sistem, tam idarələnməli şassi, aktiv arxa differensialı opsional Driving dynamics idman dəstinin tərkibinə daxil edilmişdir. Avtomobilə sifarişlər artıq qəbul edilməyə başlanmışdır və onun qiyməti 89900 avrodan (153600 manat) başlayır.
Audi şirkətinin yerli nümayəndəliyindən verilən xəbərə görə, SQ7 modelinin Azərbaycanda rəsmi satışları nəzərdə tutulmamışdır. Bu avtomobili əldə etmək istəyənlər isə, Almaniyaya üz tutmalı olacaqdırlar.