Audi şirkəti yanvar ayında işinə başlayacaq Detroyt avtosalonunda Q8 E-Tron prototipini nümayiş etdirəcəkdir. Bu barədə Welt nəşrinə verdiyi müsahibədə Audi şirkətinin baş dizayneri Mark Lixte bildirmişdir.
Lixte avtomobil haqqında ətraflı məlumat verməsə də, onun istehsalının 2019-cu ildən tez başlamayacağını bildirmişdir. Nəşrin müsahibəyə əlavə etdiyi iki tizerdə, BMW X6 və Mercedes-Benz GLE Coupe modeli ilə rəqabət aparacaq krossoverin eksteryerinin dizaynı müəyyən qədər açıqlanmışdır. Təsvirlərdən də göründüyü kimi, alman markasının tanınan elementlərindən olan Singleframe radiator barmaqlığının dizaynı tamamilə dəyişdirilmişdır.
Çox güman ki, növbəti Audi krossoverlərindədə məhz belə ikiqat şaquli xəttlərə malik olan radiator barmaqlıqlatını görəcəyik.
Eyni zamanda, diqqətimizi daha bir məqam çəkmişdir - tizerdən də göründüyü kimi, prototip lazer texnologiyası əsasında hazırlanmış ön fənərlərlə və iri hava girişləri olan ön bamperlə təchiz edilmişdir ki, bu da avtomobilə aqressiv görkəm bəxş edir.
Audi Q8 E-tron modelinin dərc olunmuş digər tizerinə nəzər salsaq, tavan xəttinin rəqiblərinə nisbətən daha az mailliliyə malik olduğunu görərəik. Həmçinin, radiator barmaqlığında olan E-tron nişanı avtomobilin tamamilə elektrik mühərriki ilə hərəkətə gəldiyinə işarədir. Yeni krossoverin interyerinin dizaynı sirr olsa da, Lixtenin bildirdiyinə görə, Audi Q8 krossoverinin interyeri növbəti nəsil A8 bayraqdar sedanının interyerinin dizaynı ilə bənzərlik daşıyacaqdır. Bundan başqa, dizayner bu avtomobillərin interyerində düymələrin minimum səviyyədə olacağı və sistemlərin əksəriyyətinin yeni texnologiyalarla idarə ediləcəyini də bildirmişdir. O həmçinin, yeni nəsil Audi A8 sedanının gələn ilin yayında təqdim ediləcəyini də bildirmişdir.