Audi şirkəti bayraqdar modeli olacaq Q8 krossoverinin hazırlanmasının son mərhələsinə qədəm qoyub. Bu günlərdə prototipə seriya kuzovunda və demək olar ki kamuflyajsız Almaniyanın yollarında rast gəlinib. Avtomobilin şəkli AutoPareri forumunda Beckervdo nikli istifadəçi tərəfindən dərc edilib.
Əvvəllər də bildirildiyi kimi, texniki cəhətdən Q8 modeli Audi Q7 krossoveri ilə eyni olacaqdır.
Bununla belə, yeni model daha dəbdəbəli olacaq və onun top-variantının qiyməti 100 min avrodan yuxarı olacaqdır. Eyni zamanda, Audi Q8 modelinin RS variantının da buraxılacağı güman edilir.
Qeyri-rəsmi məlumatlara görə, artıq Audi müvafiq əmtəə nişanını qeydiyyatdan keçirib. Zahiri cəhətdən seriya modeli bu il Detroyt avtosalonunda nümayiş etdirilmiş eyni adlı konseptə bənzəyəcəkdir.
Konseptin optikası, kuzov dəstinin bir sıra elementləri və yan pəncərə xəttləri dəyişilmədən seriya modelinə qismət olacaqdır.
Bir müddət bundan öncə dərc edilən fotoşəkillərdən, Audi Q8 modelinin multimedia sisteminin iri displeyi ilə yanaşı, klimat-kontrolu və digər funksiyaları idarə etmək üçün ikinci sensorlu displey ilə təchiz ediləcəyi də məlum olmuşdur.
Audi Q8 modelinin seriya variantının təqdimatının gələn ilin əvvəlində baş tutacaq Detroyt avtosalonunda keçiriləcəyi ehtimal olunur. Modelin istehsalı alman markasının Slovakiyadakı zavodunda yerləşdiriləcəkdir.