Audi şirkətinin yeni bayraqdar krossoveri olan Q8 modeli iyun ayının əvvəlində Çinin Şençjen şəhərində keçirilmiş xüsusi tədbirdə təqdim edilmişdir. Adətən, yeni debüt etmiş avtomobillərin Azərbaycanda təqdim edilməsini uzun müddət gözləmək məcburiyyətində qalırıq. Hətta, elə hallar olur ki, dünyada satışları gedən model bizim bazarda bir ildən sonra debüt edir.
Audi Bakı Mərkəzinin 13 oktyabr tarixində keçirdiyi Q8 modelinin təqdimat mərasimi bu ənənədən istisna təşkil edir. Yeni modelin istehsalının başlanmasında qısa müddət keçməsinə baxmayaraq Audi Q8 nəinki Azərbaycanda debüt edib, o həmçinin, yaxşı satış dinamikasını nümayiş etdirir.
Beləliklə, yeni model haqqında nə söyləmək olar? Audi Q7 modeli ilə eyni MLB modul platformasında inşa edilən krossoverin qabarit uzunluğu 4986 millimetr, eni – 1995 millimetr, hündürlüyü isə 1705 millimetr təşkil edir. Bu rəqəmlər yeni krossoverin Q7 modelindən 66 millimetr qısa, 27 millimetr enli və 36 millimetr alçaq olduğunu göstərir. Modelin klirensi 254 millimetrdir.
Audi Q8 modelinin bütün modifikasiyaları mexaniki oxlararası mərkəzi differensiala malik olan Quattro tam çəkiş sistemi ilə təchiz edilirlər. Tam çəkiş sistemi normal halda fırlanma anını oxlar arasında 40:60 nisbətində bölür. Standart olaraq Audi Q8 modeli tənzimlənən amortizatorlar ilə təchiz edilir. Əlavə ödənişlə sərtliyi tənzimlənən və klirensi 90 millimetr artırmaq imkanı olan adaptiv pnevmatik asqını da sifariş etmək olar. Avtomobil proqressiv xarakteristikaya malik olan sükan sisteminə də sahibdir. Opsional olaraq tam idarələnən şassini də əldə etmək olar.
Avtomobilin salonu son Audi modellərində tətbiq edilən interyer dizaynına malikdir. Mərkəzi konsolda quraşdırılmış 10,1-düymlük displey multimedia sisteminin, 8,6-düymlük displey isə klimat-kontrolun tənzimləmələrinə cavabdehdirlər. Nə qədər qəribə olsa da, 12,3-düymlük virtual cihazlar paneli bizim bazarda satılan avtomobillərdə quraşdırılmır. Krossoverin təchizatına LTE və Wi-Fi rabitəsini dəstəkləyən multimedia sistemi, Bang&Olufsen səs sistemi, adaptiv kruiz-kontrol və dairəvi görüntü sistemi daxildir.
Qeyd emək lazımdır ki, Audi Q8 zəngin avadanlıq siyahısına malikdir. Bu siyahı ilə ətraflı tanış olmaq üçün yerli dilerin səhifəsinə daxil olmaq kifayətdir.
Azərbaycan bazarında krossover 48 voltluq şəbəkə və startyor-generator ilə təchiz edilmiş “yumşaq” hibrid güc qurğusu ilə təklif edilir. 340 at qüvvəsi hasil edən mühərrik səkkiz pilləli avtomatik qutu ilə tandemdə Q8 modelini 100 km/saat həddinə 5,4 saniyəyə sürətləndirir. Modelin maksimal sürəti 250 km/saatdır.