Ralli yarışlarının pəsətişkarları Group B kateqoriyasından olan yarış avtomobillərini xüsusi həyacanla yada salırlar. Məsələ təkcə bu kateqoriyada keçirilən hər bir yarışın həyəcanverici şou olmasında deyil, həm də onun əfsanəvi avtomobillərin yaradılmasına təkan verməsidir. Belə avtomobillərdən ən məşhuru Audi Quattro kupesidir.
Hazırda alman markasının model xəttinə belə avtomobil yoxdur, lakin E-Legend atelyesi belə avtomobilə sahib olmağı arzulayanlar üçün maraqlı həll yolu təklif edir - yeni layihə EL1 adlanır.
Ən maraqlısı odur ki, təkmilləşdirilmiş dördsilindrli mühərriklə təchiz edilən Kimera EVO37 modelindən fərqli olaraq, E-Legend EL1 elektrokardır. Üstəlik, elektrokarın qiyməti də benzin mühərrikli modeldən iki dəfə çoxdur – elektrik kupesi üçün 860.000 avro istənilir.
E-Legend atelyesinin yaradıcısı olan Markus Holzinger üçün yarış avtomobilinin müasir təfsirinin yaradılması xüsusi əhəmiyyət kəsb edir. İş ondadır ki, orijinal avtomobilin yaradılması üzərində Markusun atası bilavasitə iştirak edib. Atelyenin təsisçisi isə, vaxtı ilə Volkswgen şirkətində dizayner kimi çalışıb.
Elektrokarın dizaynında orijinal avtomobilin tanış cizgiləri açıq-aydın görünür. Hamar kuzov panelləri karbonplastikdən hazırlanır. Ənənəvi güzgülərin yerinə kameralar quraşdırılıb, qapı tutacaqları isə “batırılıblar”. Elektrokar öndə 19, arxada isə 20 düymlük təkər diskləri ilə təchiz edilir.
Görünən odur ki, elektrik kupesinin donorları olaraq Porsche Taycan və Audi e-tron GT modelləri çıxış ediblər. Atelye mühəndislərinin elektrokarı üç elektrik mühərriki ilə təchiz ediblər: mühərriklərdən biri ön oxda, digər iksi isə arxa oxda yerləşir.
Elektrik qurğusunun ümumi gücü 816 at qüvvəsi təşkil edir. Elektrik mühərrikləri 800 voltuq cərəyan altında işləyən 90 kilovat-saatlıq batareyadan qidalanırlar. Batareyanın enerjisi heç də qənaətcil olmayan rejimdə 400 kilometr məsafə qət etməyə imkan verəcəkdir.
Eyni zamanda, elektrokar SportPlus rejimində “Şimal İlgəyində” iki dövrə vura bilər. Bu məsələdə mühəndislər qabaqcıl rekuperasiya sisteminə böyük ümidlər bəsləyirlər.
Karbonplastikdən hazırlanmış monokok sayəsində kupenin çəkisi 1680 kiloqramı keçməyəcəkdir.Qeyd etmək gərəkdir ki, bu çəkinin 550 kiloqramı batareyaların payına düşür. Elektrokar 100 km/saat həddinə 2,8 saniyəyə, 200 km/saat həddinə isə 10 saniyədən az müddətə sürətlənəcəkdir. Maksimal sürət – 225 km/saat olacaqdır.
Elektrokara sifarişlər artıq qəbul olunur. Modelin tirajı 30 nüsxə təşkil edəcəkdir. İlk partiyadan olan 12 superkar sifarişçilərə 2023-cü ildə çatdırılacaqdır. Qalan 18 avtomobilin çatdırılmalarına 2024-cü ildə başlanılmalıdır. Atelyenin planlarında EL2 və EL3 modellərinin buraxılması da var. EL2 modelinin ilham mənbəyi kimi əfsanəvi Lancia Stratos HF Stradale modeli çıxış edəcəkdir.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.