Bu günlərdə satışa çox maraqlı bir avtomobil çıxarılıb. Bu, 405 nömrəli şassiyə malik olan və 2000-ci ildə “Le Manın 24 saatı” marafonunda yarışmaq üçün inşa edilmiş altı avtomobildən biri olan Audi R8 sportprototipidir.. Eyni zamanda, bu avtomobil iyirmi il əvvəl alman markasına “Le Manın 24 saatı” marafonunda uğur gətirən ilk sportprototip olub.
Audi markası Le Mandakı çıxışlarına 1999-cu ildə başlayıb. Alman istehsalçısı bu yarışlar üçün dörd sportprototip hazırlanmışdı - iki R8R spayderini və iki R8C kupesini. Lakin, həmin avtomobillər uğursuzluğa düçar olduqları üçün, alman istehsalçısı 2000-ci ilin mövsümünü tamamilə yeni avtomobil ilə başlmaq qərarına gəlib.
Audi R8 spayderi radikal aerodinamik quruluşa - monokokun qaldırılmış ön hissəsinə, monokok və təkərlər arasındakı mümkün qədər aşağı salınmış dayağa, uzun arxa çıxışa və çox yığcam təhlükəsizlik qövsünə malik olan yeni şassini alıb.
Yeni avtomobilin yarış karyerası son dərəcə uğurlu olub. R8 spayderi Audi şirkətinə 2000-ci ildə "Le Manın 24 saatı" marafonunda ilk üç yeri, 2001-ci ildə "qızıl" və "gümüşü", 2002-ci ildə - yenidən bütün podiumu, 2003-cü ildə isə «bürüncü" qazandırıb. 2004-cü ildə sportprototip yenidən ilk üç yeri, 2005-ci ildə isə "qızıl" və "bürüncü" qazanıb.
Audi Sport bu proqram üzrə cəmi 15 avtomobil inşa edib. Daha iki sportprototip isə, daha sonra, ehtiyat hissələrdən yığılıb.
Hazırda "405" nömrəli şassi ilə satılan Audi R8 sportprototipi ilk və ən qiymətli avtomobillərdən biridir. Şassinin nömrəsindəki "4" rəqəmi, avtomobilin 2000-ci illərdə keçirilən "Le Manın 24 saatı" marafonu üçün hazırlanmış ilk seriyaya aid olduğundan xəbər verir. Sonrakı sportprototiplərin şassi nömrələri "5" və ya "6" rəqəmi ilə başlayırdı.2000-ci ildə keçirilən "Le Man 24 saatı" marafonunda "9" nömrəli avtomobil üçüncü yer tutub. Avtomobildə Loran Ayello, Alan MakNiş və Stefan Ortellidən ibarət heyət yarışıb.
"Le Manın 24 saatı" marafonunda iştirak etdikdən sonra, "405" nömrəli şassiyə malik olan avtomobil ALMS seriyasında bütöv mövsümü başa vurub, sonra isə Champion Racing komandasına satılıb. Düzdür, sportprototipin Amerikadakı karyerası o qədər də uğurlu olmayıb: şassi öz hesabına cəmi iki qələbəni yazmağa müvəffəq olub. Avtomobilin son sahibi, tarixi yarışlarda iştirak edən amerikalı iş adamı və kolleksiyaçı Cim Rocersdir. O, bir neçə il bundan əvvəl ehtiyat hissələrindən yığılmış daha yeni Audi R8 (şassi 607) sportprototipini satın alıb.
Le Manı qazanan Audi R8 sportprototiplərini satın almaq mümkün deyil: 2000-ci ildə qələbəni əldə etmiş "404" nömrəli şassi Audi muzeyinə aiddir, sonrakı illərdə qələbə çalmış digər nüsxələr də müxtəlif Audi bölmələrinə məxsusdur.
Mənbə: Fiskens