Bu gün AutoExpress nəşri Audi R8 Spyder sportkarının yeni nəslinin kamuflyajsız şəkillərini dərc etmişdir. Yeni avtomobilin rəsmi təqdimat mərasimi mart ayının sonlarında keçiriləcək Nyu-York avtomobil sərgisində baş tutacaqdır. Yeni kabriolet sələfi kimi, qatlanma mexanizmi olan yumşaq dam və şaquli arxa şüşə ilə təchiz ediləcəkdir. Bundan başqa, sportkarın avadanlıqlar siyahısına Audi TT modelində debüt etmiş Virtual Cockpit adlanan cihazlar paneli də daxil ediləcəkdir.
Gözlənilir ki, yeni kabriolet kupe kuzovlu avtomobildən 100 kiloqram ağır olacaqdır və onun çəkisi təxminən 1454 kiloqram təşkil edəcəkdir. Yeni Audi R8 Spyder sportkarın kupe variantından tanış olan 5,2-litrlik V10 mühərriki ilə təchiz ediləcəkdir. Spayderin standart variantının mühərrikinin gücü 540 at qüvvəsi, plus indeksini alacaq variantının isə 610 at qüvvəsi təşkil edir.
Audi R8 modelinin açıq variantı kupeyə nisbətən yavaş olacaqdır. Xatırladaq ki, Audi R8 plus modeli 100 km/saat həddini 3,2 saniyəyə toplayır və 323 km/saat maksimal sürətə malikdir.