Audi şirkəti RS 5 Coupe və RS 5 Sportback modellərinin yenilənmiş versiyalarını təqdim edib. “Bərkgedən” modelləri ölçüləri böyümüş radiator barmaqlığı, ön bamperin aşağı hissəsindəki hava girişləri və yeni tərtibata malik olan tündləşdirilmiş fənərlər sayəsində ayırd etmək olar.
“Bərkgedən” modellərin zahiri görkəmində baş vermiş dəyişikliklər onları adı A5 modellərindən uzaqlaşdırmağa, eyni zamanda, böyük Audi RS 6 Avant və RS 7 Sportback modellərinə yaxınlaşdırmağa xidmət edir. Radiator barmaqlığı və fənərlərdən başqa, avtomobillər yeni dizayna malik olan yan ətəklər və diffuzor ilə təchiz edilirlər. Yeri gəlmişkən, bu elementləri “parlaq qara”, “tutqun alüminium” və ya karbondan işləmələrlə bəzəmək olar. Kuzov palitrasına isə iki əlavə rəng – göy Turbo Blue və qırmızı Tango Red çalarları əlavə edilib. Modellərin standart təchizatına dəri və alkantara ilə örtülmüş oturacaqlar daxildir. Əlavə ödənişlə oturacaqları nappa dərisi ilə üzləmək olar.
Modellərin salonunda 12,3-düymlük virtual cihazlar panelinə, multimedia sisteminin 10,1-düymlük displeyinə və RS-qrafikasına malik olan proyeksiya displeyinə rast gəlmək mümkündür. Bundan başqa, sükan çarxındakı RS Mode düyməsi vasitəsi ilə aktivləşən və fərdi şəkildə tənzimlənən RS1 və RS2 rejimləri də peyda olublar. Bu rejimlər vasitəsi ilə avtomobil sahibi transmissiyanın, mühərrikin, differensialın və buraxılış sisteminin səsini fərdi şəkildə tənzimləyə bilər.
Audi RS 5 Coupe və RS 5 Sportback modelləri əvvəlki kimi 450 at qüvvəsi və 600 Nm fırlanma anı hasil edən 2,9-litrlik benzin biturbomühərriki ilə təchiz edilir. Güc aqreqatı səkkiz diapazonlu avtomatik ötürmələr qutusu və özüqapanan oxlararası differensiala malik olan quattro tam ötürməsi ilə birgə çalışır. Audi RS5 kupe və liftbeki standart olaraq RS idman asqısı, opsional olaraq isə polad yaylara və Dynamic Ride Control sisteminə malik olan adaptiv asqı ilə təchiz edilir.
Yenilənmiş RS 5 modellərinin Almaniya və digər Avropa ölkələrindəki satışlarına yaxın zamanlarda start veriləcəkdir. Hər iki modelin qiyməti 83.500 avrodan başlayır.