Audi şirkəti «qaynar» RS Q3 modelinin xüsusi variantını - «performance» indeksini almış bərkgedən krossoveri təqdim etmişdir. Krossoverin təchiz edildiyi 2,5-litrlik beş silindirli turbomühərrikin gücü 340-dan 367 at qüvvəsinə qədər artırılmışdır. Bu göstəriciyə görə krossover, Mercedes-AMG A45 4Matic modelinin yenilənməsinə qədər dünyada ən güclü «qaynar» hetçbeki sayılan Audi RS3 modeli ilə bərabərləşmişdir. Audi RS Q3 performance modeli adi «qaynar» krossoverdən boz mat rəngıi alüminium kuzov əlavələri, 20 düymlük təkər diskləri ilə seçilir. Bundan əlavə, RS Q3 performance modelinin kuzovu xüsusi göy Ascari rənginə boyana bilər.
Avtomobilin mühərriki yeddi diapazonlu robotlaşdırılmış sürətlər qutusu ilə birlikdə çalışır. 0-dan 100 km/saat həddinə krossover 4,4 saniyəyə sürətlənir ki, bu da RS Q3 variantından 0,4 saniyə daha yeyindir. Bundan başqa, avtomobilin sürətinin maksimal həddi 250-dən 270 km/saata kimi artırılmışdır.
Audi RS Q3 performance modelinin rəsmi təqdimat mərasimi mart ayının əvvəllərində işinə başlanacaq beynəlxalq Cenevrə avtomobil salununda keçiriləcəkdir. Avtomobilin Almaniyadakı satış qiyməti 61 min avrodan başlayacaqdır. Bu adi RS Q3 variantı ilə müqayisədə 6 min avro bahadır.