Audi şirkətinin bayraqdar krossoveri olan RS Q8 modeli təqdim edilib. “Bərkgedən” krossover Audi RS6 Avant və RS7 Sportback modellərindən tanış olan “yumşaq” hibrid güc qurğusuna və şassinin xüsusi tənzimləmələrinə sahib olub. Gözlənilən kimi, RS Q8 modeli Audi markasının ən zirək krossoveri olub: model 100 km/saat həddini 3,8 saniyəyə toplayır ki, bu da Porsche Cayenne Turbo modelinin göstəricisindən 0,1 saniyə yeyindir.

“Bərkgedən” Q8 modelini aqressiv radiator barmaqlığı, geniləndirilmiş iri hava girişi olan ön bamperi, boz, qara rəngli və ya karbondan hazırlanmış seçilən işləmələri olan bamperləri, iri diffuzoru, 22 və ya 23 düymlük təkər diskləri, iri ölçülü qırmızı rəngli supportları və RS modellərinə xas olan səsboğucu sistemi ilə fərqlənir. Bundan başqa, Audi RS Q8 modelini emblemlər və güzgü gövdəsinin xüsusi rəngi sayəsində ayırd etmək olar. Opsional olaraq, model üçün matrisa tipli ön fənərlər təklif edilir.

Audi RS Q8 modelinin kapotunun altında RS6 Avant və RS7 Sportback modellərindən tanış olan  4,0-litrlik V8 biturbo mühərriki yerləşir. Səkkiz pilləli “avtomat” və 48-voltluq startyor-generatorla tandemdə çalışan mühərrik 600 at qüvvəsi və 800 Nm fırlanma anı hasil edir. RS Q8 modeli 100 km/saat həddinə  625 at qüvvəli BMW X6 Competition və 680 at qüvvəli Porsche Cayenne Turbo S E-Hybrid modelləri kimi 3,8 saniyəyə sürətlənir. Lamborghini Urus isə bu göstəriciyə görə RS Q8 modelini üstələyir – 3,6 saniyə.

Avtomobilin şassisi SQ7 və SQ8 modelləri ilə bənzərdir. Məsələn, avtomobilin pnevmatik asqı klirensi 90 mm diapazonunda tənzimləyə bilir. RS Q8 modelinin standart təchizatına arxa təkərləri 5 dərəcə döndərən tam idarələnən şassi və aktiv elektromexaniki stabilizatorlar daxil edilib. Əlavə ödənişlə, Audi RS Q8 modelini karbon-saxsı əyləc mexanizmləri və aktiv arxa differensial ilə təchiz etmək olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

“Bərkgedən” Q8 modelinin salonu RS6 Avant modelindən mərkəzi tonnelin, oturacaqların və qapı panellərinin tərtibatı ilə seçirlir. Krossover 12,3-düymlük rəqəmsal cihazlar panelinə, multimedia kompleksinin 10,1-düymlük displeyinə və iqlim sisteminin 8,6-düymlük ekranına malikdir. Modelin baza təchizatına idman oturacaqları da daxildir. Əlavə ödənişlə, multikonturlu havalandırmalı oturacaqları da sifariş etmək mümkündür.

Audi RS Q8 modelinin qiyməti açıqlanmayıb. Modelin Avropa və ABŞ-dakı satışlarına gələn ilin birinci yarısında başlanmalıdır.