Fotocəsuslar növbəti uğura imza atıblar. Onlar Nürburqrinqin “Şimal ilgəyində” sınaqdan keçirilən Audi RS Q8 modelinin şəkillərini çəkməyə müvəffəq olublar. Yeni ofrouder İnqolştadt istehsalçısının krossover xəttindəki ən güclü model olacaqdır.
Yeni bayraqdar krossoveri adi Q8 və “qaynar” SQ8 modelindən ciddi fərqlənir. Audi RS Q8 modeli iri hava girişləri olan bamperləri, nazik profilli şinlərlərlə təchiz edilmiş 22-düymlük təkər diskləri, buraxılış sisteminin oval şəkilli çıxış boruları və parlaq-qırmız rəngli əyləc supportları ilə seçilir.
“Bərkgedən” krossoverin salonunu çəkmək mümkün olmayıb. Çox güman ki. Audi RS Q8 güclü dəstəyi olan idman kresloları, karbon və metaldan dekor elementlərinə malik olacaqdır. Avtomobilin kapotunun altında 600 at qüvvəsi hasil edən 4,0-litrlik V8 biturbomühərriki yerləşəcəkdir. RS Q8 modelinin Porsche Cayenne Turbo S E-Hybrid modelinin 680 at qüvvəli hibrid güc qurğusu ilə təchiz olunacağı da istisna edilmir.
Audi RS Q8 modelinin kütləvi təqdimatı sentyabr ayında işinə başlayacaq Frankfurt avtosalonunda keçiriləcəkdir. Modelin Avropadakı satışlarına bu ilin sonunda başlanacaqdır.