Cari nəsil Audi RS 6 Avant superuniversalı məhdud saylı tirajla buraxılmış RS2 Avant modelindən düz 25 il sonra debüt edib. Bu günlərdə təqdim edilən Audi RS6 Avant RS Tribute edition nəşri orijinal universalın xatirəsinin yad etmək üçün hazırlanıb. Xüsusi seriyadan olan universal 25 nüsxəlik tirajla istehsal ediləcəkdir - yəni hər il üçün bir ədəd. Ancaq bu məsələdə bir əmma var - RS Tribute edition modeli yalnız ABŞ-da satılacaqdır.
Audi RS 6 Avant RS Tribute modeli adi universaldan mirvari effekti olan Nogaro Blue rəngi (RS2 Avant modelinin firma rəngini təqlid edir) və qara dekor elementləri ilə fərqlənir. Radiator barmaqlığı, ön bamperdəki hava girişləri, arxa diffüzör, damdakı relinqlər və kandar örtmələri tünd rəngə boyanıb. Təkər diskləri 22-düymlük beş qolludurlar (RS6 üçün standart disklər 21-düymlükdür). Polad əyləc supportları qırmızı rəngə boyanıblar.
Salonda tvil toxumalı karbon lifindən əlavələr, mavi Denim Blue tikişi olan Valcona dəri ilə üzlənmiş idman oturacaqları və dəlikli dəri ilə üzlənmiş sükan quraşdırılıb. Bundan əlavə, ön panel qismən dəri ilə örtülub. RS 6 Avant RS Tribute modeli standart olaraq qapıçəkənlər, Bang & Olufsen 3D Advanced Sound səs sistemi, proyeksiya ekranı və Driver Assistance Package dəsti ilə təchiz olunur.
Audi RS6 Avant modeli əvvəlki kimi 4,0-litrlik V8 biturbomühərriki ilə hərəkətə gəlir. Təkmilləşdirilmiş mühərrik 600 at qüvvəsi və 800 Nm fırlanma anı hasil edir. Bu əvvəlki modeldə olduğundan 40 at qüvvəsi və 100 Nm çoxdur. Yeni mühərrik 48-voltluq startyor-generator, səkkiz pilləli «avtomat» və quattro tam ötürməsi ilə tandemdə çalışır. Bundan başqa, Audi RS6 Avant RS Tribute edition modeli idman buraxılış sistemi ilə təchiz edilir.
ABŞ-da RS Tribute edition universalının qiyməti 136,800 dollar təşkil edir. Xatıladaq ki, adi Audi RS6 Avant modelinin Şimali Amerikadakı satış qiyməti 109,000 dollardır.