Keçən həftə Barcelonada keçirilən Audi Summit 2017 tədbiri çərçivəsində Audi RS3 LMS yarış avtomobilinin 100-cü nüsxəsi müştəriyə təqdim edilib. Alman istehsalçısının nümayəndələri bu hadisəni "kommersiya uğuru" kimi səciyyələndiriblər.
Unikal qızılı livreyaya malik olan yarış avtomobil Audi Sport bölümünün rəsmi rəngi olan qırmızı haşiyələrlə bəzədilmişdir.
"Artıq debüt mövsumundə biz bütün dünyadan olan müştərilərimizə 90 ədəd RS3 LMS modelini çatdırmışdıq. Ümumilikdə isə bizə yüzdən artıq öncədən sifariş daxil olmuşdur", - Audi Racing bölümünün rəhbəri Kris Reynke bildirib. - "Biz yarış avtomobilləri xəttimizin başlanğıc modeli olan RS3 LMS modelinin əldə etdiyi uğurla qürur duyuruq. Artıq RS3 LMS bizim model xəttimizdə ən vacib yerlərdən birini tutur".
Keçən ilin sentyabr ayından bəri avtomobil üç qitədə - Amerika, Avropa və Asiyada keçirilmiş 125 yarışda iştirak edib. 12 və 24 saatlıq yarışlarda Audi RS3 LMS ümumilikdə 73 podium və 24 qələbə qazanıb. Xatırladaq ki, Audi RS3 LMS yarış avtomobili keçən il keçirilmiş Paris avtosalonunda təqdim edilmişdi.
Adi Audi RS3 sedanından fərqli olaraq yarış avtomobili 2,0-litrlik dörd silindirli turbomühərriklə təchiz edilir. Bu mühərrik 330 at qüvvəsinə malikdir və altı pilləli sekvental sürətlər qutusu ilə birgə çalışır. Xatırladaq ki, Paris avtosalonunda debüt etmiş RS3 sedanı 400 at qüvvəsinə malik olan 2,5-litrlik beş silindirli turbomühərriklə təchiz edilir. “Döyüş” avtomobili 100 km/saat sürətini 4,5 saniyəyə toplayır, onun maksimal sürəti isə 240 km/saata bərabərdir. Audi RS3 sedanı ilk “yüzlüyü” 4,1 saniyəyə toplayır.
“Bərkgedən” sedanın maksimal sürəti elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılmışdır. Lakin, əlavə ödəniş etməklə bu həddi 280 km/saata qədər artırmaq mümkündür. Yarış avtomobilinin komandalara çatdırılmasına bu ilin dekabr ayında başlanacaqdır. Altı pilləli sekvental qutu ilə təchiz edilmiş TCR çempionatı üçün nəzərdə tutulan variantın qiyməti 129000 avro təşkil edir. Robotlaşdırılmış qutu ilə təchiz edilmiş Audi RS LMS club sport modifikasiyasının qiyməti 99000 avroya bərabərdir.