Bir müddət əvvəl Audi şirkətinin Şimali Amerika bazarı üçün «qaynar» RS3 modelinin sedan kuzovlu variantını hazırladığı bildirilmişdir. Bu günlərdə İnqolştatdan olan istehsalçı ABŞ dilerlərinin nümayəndələri üçün yeni modelin bağlı təqdimat mərasimini təşkil etmişdir. Bu mərasimdən çəkilmiş fotoşəkillər dərhal internetdə yayımlanmışdır. Məşhur «Kurtlar vadisi» serialının qəhrəmanı Polat Alemdarın «iki kişinin bildiyi sirr deyildir» sözləri bir daha sübut edir ki, indiki zəmanədə sirri qorumaq çox çətin işdir.
Söylənilənlərə görə, A3 sedanının bərkgedən variantı gücü 400 at qüvvəsi olan 2,5-litrlik beş silindirli TFSI mühərriki ilə təchiz ediləcəkdir. Xatırladaq ki, RS3 Sportback modelində quraşdırılmış bu mühərrik 367 at qüvvəsinə malikdir. Ənənvi olaraq İnqolçtatlı «bərkgedənlər» quattro tam ötürməli çəkiş sistemi ilə təchiz edilirlər.
Şəkillərdən göründüyü kimi, avtomobilin eksteryeri də müəyyən dəyişikliklərə məruz qalmışdır. Avtomobilin ön fənərləri yeni təqdim edilmiş A4 modelinin ön işıq texnikasının üslubunda dizyn edilmişdir. Bundan əlavə, RS3 sedan radiator barmaqlığının yeni forması ilə də seçilir.
Əgər ehtimallar doğrudursa, bu yaxınlarda biz yenilənmiş A3 ailəsinin təqdimat mərasiminin şahidi olmalıyıq. Çox güman ki, Audi şirkəti Cenevrə avtomobil salonunda bu təqdimatı həyata keçirsin.