Audi şirkəti yeni nəsil A3 hetbekinin “bərkgedən” RS3 Sportback modifikasiyası üzərindəki çalışmaları yekunlaşdırmaq üzərədir. Buna, bü günlərdə yeni modelin Nürbuqrinqdəki sınaqları zamanı çəkilmiş şəkilləri dəlalət edir. Göründüyü kimi, RS3 Sportback modelinin sınaq prototipi kamuflyaj örtüyünün bir hissəsini “itirib”.
“Auto Express” nəşrinə müsabibə verən Audi Sport bölümünün satış və marketinq şöbəsinin rəhbəri Frank Mixl RS3 modelinin alman brendinin tarixindəki böyük uğurlarından birinin olduğunu və bu uğurun beşsilindrli turbomühərrik sayəsində əldə edildiyini bildirib. Mütəxəssis bundan sonra da, RS3 modelinin beşsilindrli mühərrik ilə təchiz ediləcəyini qeyd edib.
“Hesab edirəm ki, Audi RS3 modeli Audi Sport bölümünün ən emosional avtomobillərindən biridir və o, brendin DNT-sinin vacib hissəsidir. Əmin ola bilərsiniz ki, hər bir yeni RS modeli sələflərinin üstün cəhətlərini daha da təkmilləşdirəcəkdir”, - Mixl bildirib.
Bununla belə, Mixl yeni RS3 modeli barədə ətraflı məlumat verməkdən imtina edib. Alman mütəxəssis avtomobilin nə zaman debüt edəcəyinə də aydınlıq gətirməyib - o, sadəcə bu barədə “bir neçə aydan sonra” məlumat veriləcəyini söyləyib.
Üçüncü nəsil Audi RS3 modelinin tərkibinə 2,5-litrlik turbomühərrik və 48-voltluq şəbəkədən qidalanan hibrid əlavə daxil olan hibrid güc qurğusu ilə təchiz ediləcəyi ehtimal olunur. Artıq bənzər sxemi Audi RS Q8, RS6 Avant və RS7 Sportback modellərində də tətbiq ediblər.
Əlbəttə ki, Audi RS3 quattro tam ötürməsini və S tronic “robotunu” da qoruyub-saxlayacaqdır. Audi RS3 modelinin mühərrikinin hasilatı ən azından 415 at qüvvəsi və 500 Nm təşkil etməlidir - bu güc ona əsas rəqibi olan Mercedes-AMG A45 S modeli ilə rəqabət aparmaq üçün gərəkdir. Audi RS3 modelinin 100 km/saat həddini dörd saniyədən az müddətə toplayacağı da gözlənilir.
Xarici görkəmə gəldikdə isə, RS3 modelinin bu ailənin digər üzvlərindən aqressiv kuzov dəsti ilə fərqlənəcəkdir. “Bərkgedən” hetçbek daha iri hava girişləri olan ön bamperə sahib olacaqdır: bu hava girişləri mühərrikin soyudulması üşün gərək olan soyuq hava kütləsini artırmağa xidmət edir.
İsti hava kütləsi ön təkər tağlarının qırağındakı havalandırma dəlikləri vasitəsi ilə mühərrik bölümündən uzaqlaşdırılacaqdır. Avtomobilin yan ətəkləri də digər modellərdəkindən fərqlənir. Arxada isə, iri spoyler, böyüdülmüş diffuzor və RS modellərinin tanınan elementi olan buraxılış sisteminin oval formalı çıxış boruları quraşdırılıb.