Audi şirkəti artıq RS modellərinin 25 illik yubileyini qeyd edib, indi isə, bayram etmək üçün yeni səbəb peyda olub. Hazırda Audi Sport adlanan Quattro GmbH bölməsi tərəfindən birbaşa yaradılan ilk RS modelinin debütündən 25 il keçir: 1999-cu ildə B5 nəslindən olan Audi RS 4 Avant universalı işıq üzü görüb. Məhz onun şərəfinə hazırda buraxılan eyniadlı avtomobilin xüsusi versiyası yaradılıb.
Audi RS 4 Avant edition 25 years yubiley universalı xarici təkmilləşdirmələr dəstini alıb: onun tərkibinə parlaq qara rəngli kuzov dekoru, radiator barmaqlığı və firma emblemləri, həmçinin tündləşdirilmiş arxa işıqlar daxildir. Tündləşdirilmiş standart şüşələr və əlbəttə ki, xüsusi versiyanın loqotipləri də mövcuddur. Bununla belə, yubiley versiyasının əsas xüsusiyyət kuzovun Imola adlanan cəlbedici sarı rəngidir, baxmayaraq ki, alıcılar daha sadə boz və qara rəngləri də seçə bilərlər.
Salon həmçinin sarı aksentlər və alkantaradan örtümələr ilə səxavətlə bəzədilib. Mərkəzi konsolda nüsxənin seriya nömrəsi olan yubiley lövhəsi quraşdırılıb və rəqəmsal cihazlar paneli ağ rəngdə taxometr və spidometri olan xüsusi rejimi əldə edib. Əlavə 2270 avro ödəməklə, sükan çarxı və transmissiyanın selektorunu 90-cı illərin ilk RS modellərindəki kimi zamşa ilə üzləmək olar. Yeri gəlmişkən, Audi belə tərtibata malik olan avtomobili idarə edərkən əlcəklərdən istifadə etməyi tövsiyə edir.
Texniki özəlliklər də var. 2,9-litrlik V6 biturbo mühərrikinin gücü 450-dən 470 at qüvvəsinə qədər artırılıb, baxmayaraq ki, pik fırlanma anı dəyişməz qalır - 600 Nm. Üstəlik, yubiley universalına iki il bundan əvvəl Competition Plus paketinə daxil olan bütün təkmilləşdirmələr qismət olub. Ən başlıca yenilik - mexaniki tənzimlənən amortizatorları olan vintli asqıdır: klirens standart olaraq, baza RS modelinə nisbətən 10 millimetr azaldılıb, ancaq avtomobili daha 10 millimetr aşağı salmaq olar.
Differensiallı tam ötürmə sistemi idarəetmə elektronikasının daha çox arxa ötürməli xarakter vermək üçün dəyişdirilmiş tənzimləmələri alıb. Ön oxda dəyişdirilmiş təkər bucağı və daha sərt sükan qollarıları var. Karbon-keramik əyləclər standartdır, 20 düymlük təkər diskləri isə, iki variantda təklif olunur. Standart olanlar boz rəngə boyanıb və Pirelli P Zero Corsa şinləri ilə təchiz ediliblər. Alternativ olaraq, xüsusi reseptə uyğun bişirilmiş Pirelli P Zero Trofeo RS yarımslik şinləri taxılmış qara təkər disklərid təklif edilir. Nəticədə, yubiley universalı 100 km/saat həddinə 3,7 saniyəyə sürətlənir ki, bu da baza modelindən 0,4 saniyə yeyindir. Maksimal sürət - 300 km/saatdır.
Eyni zamanda, Audi RS 5 Sportback liftbəki yeni performance edition tərtibatında təqdim olunub. O, yubiley universalının bütün texniki təkmilləşdirmələrini alıb, lakin xüsusi dekora və xatirə lövhələri ilə bəzədilməyib. Dinamik parametrlər baxımından belə bir liftbək universal ilə eynidir.
Hər iki xüsusi versiya eyni sayda -250 buraxılacaq, Avropadakı sifarişlərin qəbuluna isə, iyun ayında başlanılacaq. Audi RS 4 Avant edition 25 years modelinin qiyməti 143 min avrodan başlayacaq, Audi RS 5 Sportback performance edition liftbəki üçün isə, ən azı 128 min avro tələb edəcəklər.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.