Audi şirkətinin A4 ailəsini yeniləyəcəyi barədə dəfələrlə məlumat vermişik. Yeni avtomobillərin ovuna çıxan paparazzilər dəfələrlə A4 sedan və universalının, «qaynar» Audi S4 Avant universalının və nəhayət, bu ailənin ən «bərkgedən» nümayəndəsi olan RS4 Avant modelinin prototiplərinin kamuflyajlı şəkillərini çəkməyə müvəffəq olablar.
Bəs avtomobillər kamuflyaj söküldükdən sonra necə görünəcəklər? Yeni ailənin təqdimatının keçiriləcəyi ehtimal edilən Frankfurt avtosalonunu gözləməyə hövsələniz çatmırsa, Rusiyanın «Kolesa» dərgisi və dizayner Nikita Çuykonun hazırladığı renderi diqqətinizə çatdırırıq. Çox güman ki, rus dizaynerin baxışları reallıq ilə üst-üstə düşür.
İlk növbədə ən çox nəzərə çarpan element, yeni Audi RS4 Avant modelinin böyük A6 Avant modelindəkinə bənzəyən arxa işıq texnikasıdır. Bir müddət bundan öncə, şimalda sınaqdan keçən Audi RS4 Avant məhz belə arxa fənərlər ilə təchiz edilmişdi. Modelin ön tərəfində də ciddi yeniliklər olmalıdır: bunlar tamamilə yeni ön fənərlər, bamper və Q8 krossoverinin üslubunda hazırlanmış üç ölçülü radiator barmaqlığıdır.
Hər halda bu bir renderdir. Güman edirəm ki, bütün suallara cavabı Audi şirkəti bu ilin yayında təqdim edəcəkdir.