Yeni nəsil Audi A6 modelinin bu ayın əvvəlində keçirilmiş Cenevrə avtosalonunda təqdim edilməsindən sonra, İnqolştadt markasının pərəstişkarlarının diqqəti “bərkgedən” Audi RS6 Avant modelinə yönəlibdir.
“Autobild” dərgisi, şirkət daxilindəki mənbələrinə istinadən, “bərkgedən” Audi RS6 Avant modelinin yeni nəslinin gələn il debüt edəcəyini bildirib. Adətən “qaynar” model uinversal kuzovu ilə təklif edilir. Lakin, ABŞ və Çin kimi vacib bazarlarda universal kuzovlu avtomobillərin o qədər də populyar olmaması, növbəti nəsil Audi RS6 modelinin sedan kuzov ilə buraxılması ehtimalını artırır. Çox güman ki, yeni nəsil Audi RS6 Avant 4,0-litrlik iki turbokompressorlu V8 mühərriki ilə təchiz ediləcəkdir. Hazırda bu mühərrik 605 at qüvvəsinə və 700 Nm-ə malikdir. Yeni Audi RS6 modeli üçün bu mühərrikin gücünün 650 at qüvvəsinə, fırlanma anını isə 800 Nm artıralacağı gözlənilir. Audi RS: Performance modifikasiyasının isə 705 at qüvvəsinə və 880 Nm malik olacağı gözlənilir.
Bir müddət bundan öncə, Audi markasının baş dizayneri Mark Lixte Audi RS7 Sportback modelinin iki variantda təklif ediləcəyini bildirmişdir. Çox güman ki, “qaynar” Audi RS7 Sportback liftbeki 4,0-litrlik V8 mühərrikinin əsasında yaradılmış hibrid güc qurğusuna malik olacaqdır. Audi RS6 modelinin RS7 Sportback ilə ümumi xüsusiyyətlərə malik olmasını nəzərə alaraq, "qaynar" universalın da belə qurğuya sahib olacağı istisna edilmir.