Almaniyanın Wheelsandmore tüninq atelyesi dördüncü nəsil Audi RS6 Avant modeli üçün beş variantda təkmilləşdirmələr dəstini təqdim edib. 4,0-litrlik turbomühərrikin maksimal hasilatı 1010 at qüvvəsinə və 1250 Nm fırlanma anına qədər artırılıb. Beləliklə, Audi RS6 Avant modeli 8,0-litrlik W16 mühərriki təchiz edilmiş Bugatti Veyron modelindən daha güclü olub.
Wheelsandmore atelyesi 600 at qüvvəsi və 800 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 mühərrikinin hasilatını beş mərhələdə artırmağı təklif edir. Stage I mərhələsinə yalnız mühərrikin idarəetmə qurğusunun proqram təminatının yenilənməsi daxildir və 2100 avroya başa gəlir. Bu halda mühərrikin gücü 710 at qüvvəsinə, fırlanma anı isə 920 Nm-ə qədər artır.
Stage II mərhələsi çip-tüninq ilə yanaşı, həm də Capristo idman buraxılış sisteminin quraşdırılmasını nəzərdə tutur. Xüsusi səsboğucu iki hissədən ibarətdir və proqram təminatı ilə birlikdə 7688 avroya başa gəlir. Bu dəstlə mühərrikin hasilatı 725 at qüvvəsinə və 930 Nm fırlanma anına qədər artır, üstəlik, avtomobilin səsi də yaxşılaşır.
Stange III mərhələsində, yuxarıdakı təkmilləşdirmələrə əlavə olaraq, Wheelsandmore mühəndisləri giriş kollektorlarını və hava kanallarını dəyişdirərək, sıfır müqavimətli hava filtrini quraşdırırlar. Biturbo mühərrikin gücü 786 at qüvvəsinə, fırlanma anı isə 1060 Nm-ə qədər artır. Bu dəstin qiyməti 12.521 avrodur.
Stage IV proqramı daha güclü turbokompressorların quraşdırılmasını və transmissiyanın gücləndirilməsini nəzərdə tutur. Mühərrikin hasilatı 965 at qüvvəsi və 1250 Nm fırlanma anına qədər artır, ancaq bu dəstin qiyməti 33.529 avro təkil edir ki, bu da Almaniyada Audi RS6 Avant modelinin başlanğıc qiymətinin (117.500 avro) dörddə birindən çoxdur.
Nəhayət, Stage V mərhələsi katalizatorsuz daunpaypın, "aldadıcı" proqram təminatının və hissəciklər filtrinin quraşdırılmasını nəzərdə tutur. Sonuncu dəstin qiyməti 41,932 avrodur və tuning dəsti alman texniki nəzarət orqanı olan TÜV-ün razılığını almışdır. Hasilat - 1010 at qüvvəsi və 1250 Nm fırlanma anı təşkil edir.
Wheelsandmore eksteryerin tüninqinə elə də ciddi diqqət yetirmir və buna görə də, Audi RS6 Avant modelini vizual olaraq təkmilləşdirmək üçün, yalnız müxtəlif dizayna və rəngə malik olan 22-düymlük təkər disklərini quraşdırır. Modernləşdirilmiş universalı, əlavə olaraq, hündürlüyü azaldılmış asqı ilə də sifariş etmək olar.
Wheelsandmore mütəxəssisləri Audi şirkətinin 4,0 TFSI V8 turbomühərrikinin səmərəliliyini artırmaqda digər tünerlərindən daha irəli getməyi bacarıblar. Məsələn, Manhart atelyesinin tüninq dəsti Audi RS Q8 modelində quraşdırılan bənzər mühərrikin gücünü 900 at qüvvəsinə qədər artırıb.