Audi şirkəti ilin sonuna qədər təqdim edəcəyi altı RS modelindən birinin tizerini dərc edib. Tizerdəki avtomobilin A6 ailəsinin ən «bərkdegən» üzvü olan RS6 Avant modelinin olduğuna arxa fənərlərin qrafikası işarə edir.
Fənərlərin tərtibatı bir müddət bundan öncə debüt etmiş Audi S6 Avant modelini xatırladır. Üstəlik bu model üçün xarakterik olan damdakı relinqlər də nəzərə çarpır. RS6 Avant modelinin sınaq prototipləri artıq dəfələrlə fotocəsuslara rast gəlib. Yeni «bərkgedən» universalın gələn ay Frankfurtda keçiriləcək avtosalonda kütləvi debüt edəcəyi gözlənilir. Lakin, avtomobili ilk dəfə bağlı Audi Sport klubunun üzvləri görəcəklər. Onlar üçün Berlində xüsusi tədbir keçiriləcəkdir.
Mercedes-AMG E63 və E63 S Estate modelinin rəqibi olacaq Audi RS6 Avant universalı 600 at qüvvəsi hasil edən 4,0-litrlik V8 biturbomühərrikinə sahib olacağı söylənilir. Lakin, «bərkgedən» universalın 700 at qüvvəsi hasil edən hibrid qurğusuna malik olan versiyasının hazırlandığı barədə söz-söhbətlər dolaşmaqdadır.