Audi yeni nəsil «bərkgedən» RS6 Avant modelinin Nürburqrinqin «Şimal ilgəyindəki» sınaqlarını davam etdirir. Bu günlərdə «bərkgedən» universalın «Nordşlyayfedəki» videogörüntüləri Motor1 saytı tərəfindən yayımlanıb.
Videoda da göründüyü kimi, yeni Audi RS6 Avant modeli hələlik kamuflyaj örtüyünü çıxarmaq fikrində deyildir. Lakin, kamuflyaja baxmayaraq, universalın iri hava girişləri olan aqressiv ön hissəsinin və RS modellərinə xas olan buraxılış sisteminin iki oval çıxış borusunun olduğunu görmək olar.
Yeni RS6 modelinin iki versiyada təklif ediləcəyi ehtimal olunur. Modelin baza versiyası 605 at qüvvəsi və 800 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 biturbomühərriki ilə tcəhiz ediləcəyi gözlənilir. Bundan başqa, univaersalın 650 at qüvvəli «yumşaq» hibrid ilə təchiz olunacağı da ehtimal edilir.
Yeni RS6 modelinin daha mürəkkəb tam çəkiş sisteminə malik olacağı da söylənilir. Avtomobilin adaptiv amortizatorlar, iri əyləc mexanizmləri və sürətli şinlər ilə təchiz ediləcəyi məlumdur. Şayiələrə görə, yeni nəsil Audi RS6 Avant modeli payızda işinə başlayacaq Frankfurt avtosalonunda debüt etməlidir. RS6 modelinin satışlarına ilin sonunda başlanmalıdır.