ABT Sportsline atelyesinin mütəxəssisləri nəhayət ki, diqqətlərini dördüncü nəsil Audi S8 super sedanına yönəldiblər. Alman tünerin müdaxiləsindən sonra flaqman sedanın gücü 700 at qüvvəsinə yüksəlib. Nəticədə, 2,2 ton ağırlığında olan beşmetrlik sedan 100 km/saat həddini toplamağa 3,4 saniyə sərf edir - bu, yeni Porsche 911 Carrera 4S modelində olduğundan daha yeyindir.
Yeni Audi S8 sedanı standart olaraq 571 at qüvvəsi və 800 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 biturbo mühərriki ilə təchiz edilir. ABT Sportsline mütəxəssisləri mühərrikə quraşdırdıqları xüsusi elektron idarəetmə qurğusu sayəsində onun gücünü 700 at qüvvəsinə, fırlanma anını isə 880 Nm-ə qədər artırmağa müvəffəq olublar.
Hasilatın artırılması supersedana 100 km/saat həddinə 0,4 saniyə daha tez sürətlənməyə imkan verir. Bu göstəriciyə görə, ABT S8 sedanı həm BMW M760Li G12 sedanını, həm də yenilənmiş Mercedes-AMG S63 modelini geridə qoymalıdır.
Mühərrikinin gücləndirilməsi ilə yanaşı, ABT Sportsline adi təkər disklərini 20 və ya 21 düymlük xüsusi ABT GR və ya ABT FR diskləri ilə əvəz etməyi təklif edir. Şəkillərdəki ABT S8 modeli 21-düymlük ikirəngli ABT FR diskləri ilə təchiz edilib. Başqa bir maraqlı element, baqaj qapağına bərkidilmiş karbon spoylerdir.
Yeni Audi S8 modelinin hasilatını 129 at qüvvəsi və 80 Nm fırlanma anına artırmaq üçün 10.990 avroya tələb edilir. Maksimum sürət həddinin "boyunduruğunu" çıxarmaq üçün əlavə 690 avro ödəmək gərək olacaqdır.