Audi şirkəti Şanxayda keçirilən avtosalonda kamuflyaja bürünmüş naməlum elektromobilin prototipini nümayiş etdirib. Şirkət nümayəndələri yeni elektrokarın təqdimatının 2021-ci ilin ikinci yarısında keçiriləcəyini bildiriblər. Məlum olanlar arasında, bu elektrokarın Audi şirkətinin Çindəki ortağı olan SAIC konserni ilə birlikdə hazırlandığı barədə məlumat da var.
İlkin məlumatlara görə, nümayiş etdirilən adsız elektromobil Audi Q4 e-tron, Volkswagen ID.3 və ID.4, habelə Skoda Enyaq iV modellərinin inşa edildiyi platformaya - Volkswagen konserninin MEB modul arxitekturasına əsaslanır. Şirkət nümayəndələri hələlik yalnız gələcək elektromobilin uzunluğunu açıqlayıblar - 4.87 metr. Qeyd etmək gərəkdir ki, eyni uzunluğa elə Şanxayda debüt edən Volkswagen ID.6 X krossoveri də malikdir.
İlkin ehtimallara görə, Audi krossoveri də VW ID.6 X modeli kimi üç oturacaq cərgəsinə sahib olacaq və bazara həm arxa, həm də tam ötürməli versiyalarda çıxacaqdır.
Digər fərziyyəyə görə, adı açıqlanmayan prototip uzun təkər bazası və bir qədər fərqli dizaynı olan Audi Q4 e-tron modelidir. Bu fərziyyə doğru çıxarsa, yeni krossoverin 170 - 299 at qüvvəli güc qurğularını, habelə 52, 77 və 83 kilovat-saatlıq batareyaları alacağını söyləmək olar. Elektrokarın maksimal yürüş ehtiyatının 560 kilometr olacağı gözlənilir.