Audi şirkəti A8 bayraqdar sedanı üçün nəzərdə tutduğu üçüncü səviyyəli avtonom idarəetmə sistemindən imtina etmək məcburiyyətində qalıb. Bu sistem hazırkı nəsil flaqman sedanında tətbiq edilməyəcəkdir. İmtinanın səbəbi qanunvericilikdə mövcud olan məhdudiyyətlər ilə əlaqədardır - dünyanın heç bir ölkəsində yeni texnologiyanın omoloqasiya edilməsi şansı yoxdur. Üstəlik, Audi şirkətinin hüquqşünasları da sistemin tətbiqinə qarşı çıxırlar - çünki qəza baş verərsə, günahkar avtomobilin sahibi deyil, istehsalçı olacaqdır.

SAE təsnifatına görə üçüncü avtonomluq səviyyəsinə uyğun olan Traffic Jam Pilot sistemi, Audi A8 modelinə avtobanlarda və çox zolaqlı magistral yollarda tamamilə avtonom rejimdə hərəkət etməyə imkan verməlidir. Bunun üçün, nəqliyyatın axının sıx olması və orta hərəkət sürətinin 60 km/saatı keçməməsi gərəkdir. Üstəlik, GM konserninin Super Cruise sistemindən fərqli olaraq, Audi kompleksi sürücünün əllərinin daima sükanda olmasını və onun yola baxmasını tələb etmir - zərurət yarandıqda isə, sistem sürücünü səs siqnalı ilə xəbərdar edir və ya tamamilə dayanana qədər avtomobili yavaşladır.

Məhz bu xüsusiyyətlərinə görə, Audi şirkəti Traffic Jam Pilot sistemini omoloqasiya edə bilməyib, çünki mövcud olan qanunvericilik belə avtomobillərin adi yollara çıxışına icazə vermir.

Bundan əlavə, şirkətin hüquqşünasları da sistemi kəskin şəkildə tənqid ediblər: onlar, texnologiyanın nəzərdə tutulduğu kimi istifadə edilməməsi halında qəza baş verərsə, məsuliyyət yükünün tamamilə istehsalçının üzərinə düşəcəyindən əmindirlər.

Xatırladaq ki, Volvo şirkəti də eyni səbəbdən üçüncü səviyyəli avtopilotdan imtina edib. İsveç istehsalçısı onu təhlükəli hesab edərək, diqqətini daha mütərəqqi sistemlərin yaradılması üzərində cəmləyib.

Bununla birlikdə, Mercedes-Benz və BMW şirkətləri öz avtomobillərində üçüncü səviyyəli avtopilot sistemlərini tətbiq edəcəklərini bildiriblər. İlkin məlumata görə, yeni sistem növbəti nəsil S-Class sedanında və iNext elektrik krossoverində quraşdırılacaqdır.