Audi şirkəti bayraqdar Q8 krossoverinin S indeksli «qaynar» variantını təqdim edib. Audi SQ8 modeli adi krossoverdən aqressiv kuzov dəsti, S-modellərinə xas olan iki cütlənmiş çıxış boruları və 21-düymlük təkər diskləri ilə seçilir. SQ8 modelinin salonunda S loqotipləri olan dəri və alkantara ilə üzlənmiş oturacaqları, paslanmayan poladla örtülmüş pedalları və kandarlara vurulnuş alüminium lövhələri görmək olar.
Gələk əsas məsələyə. «Bərkgedən» SQ8 krossoveri Audi SQ7 modelindən tanış olan 4,0-litrlik səkkiz silindirli dizel güc aqreqatı ilə hərəkətə gəlir. Bu mühərrikin hasilatı 435 at qüvvəsi və 900 Nm fırlanma anı təşkil edir. Güc aqreqatı səkkiz diapazonlu avtomatik sürətlər qutusu və Torsen mərkəzi differensialı olan tam ötürməli çəkiş sistemi ilə birgə çalışır. «Bərkgedən» krossover 100 km/saat həddini 4,8 saniyəyə toplayır. SQ8 modelinin maksimal sürəti 250 km/saat təşkil edir.
Audi SQ8 modeli də «yumşaq» hibriddir. Silindr blokunun sağ tərəfində yerləşdirilmiş startyor-generator dirsəkli valla qayış vasitəsi ilə birləşir. Baqaj bölümündəki litium-ion batareya və 48-voltluq şəbəkədən qidalanan startyor-generator sürətlənmənin ilk saniyələrində dizel mühərrikinə yardım edir. Onun cavabdehlik sahəsinə mühərrikin yeyin işə salınması da daxildir ki, bunun sayəsində gillətmə ilə hərəkət zamanı elektronika mühərriki 40 saniyə müddətinə söndürə bilər. Əyləcləmə zamanı isə (işıqfora yaxınlaşan zaman) daxili yanacaq mühərriki artıq 22 km/saat sürətində söndürülə bilər.
Bundan başqa, startyor-generator elektrik kompressorunun və aktiv köndələn dayanıqlılıq stabilizatorlarının işini təmin edir. Aktiv stabilizatorlar ayrıca və ya aktiv differensial və arxa sükan mexanizmi ilə birlikdə sifariş edilə bilər.
Audi SQ8 modeli standart olaraq adaptiv prevmatik asqı sistemi və Audi’s Drive Select hərəkət rejimləri sistemi ilə təchiz edilir. Əlavə avadanlıqlar siyahısına karbon-saxsıdan hazırlanmış diskləri olan daha effektiv əyləc sistemi və 22 düymlük təkər diskləri daxil edilib. Bundan başqa, Audi SQ8 modelinin multimerdia sistemi ənənəvi funksiyalardan başqa bir sıra onlayn servisləri də dəstəkləyir.