Audi şirkəti, tarixində ilk dəfə olaraq elektrik mühərriki ilə hərəkətə gələn seriya krossoverinin istehsalına 2018-ci ildə başlayacaqdır. Bu barədə xəbəri şirkətin mətbuat xidməti yaymışdır. Elektrokarın buraxılışı alman şirkətinin Brussel şəhərindəki (Belçika) zavodunda təşkil ediləcəkdir. Eyni zamanda, həmin zavodun ərazisində avtomobil üçün batareyaların istehsalına da başlanacaqdır. Audi Q6 e-tron adını alacaq avtomobil, İnqolştat istehsalçısının model cərgəsində Q5 və Q7 krossoverlərinin arasında yer alacaqdır.
Seriya krossoverinin ilk carçısı, keçən ilin payızında keçirilən Frankfurt avtomobil sərgisində nümayiş etdirilmiş e-tron quattro konsepti olmuşdur. Nümayiş etdirilən prototip, biri ön oxda, ikisi isə arxa oxda yerləşən üç elektrik mühərriki ilə hərəkətə gəlirdi. Ümumilikdə aqreqatların gücü 435 at qüvvəsi təşkil etmişdir. Lakin, qəfil sürətlənmə zamanı onların gücü 503 at qüvvəsi və 800 Nm fırlanma anına kimi artırıla bilər.
Krossover 100 km/saat sürətini 4,6 saniyəyə toplayır və onun maksimal sürəti elektronika ilə 210 km/saat həddində məhdudlaşdırılmışdır. 95 kilovatt-saat güçündəki batareyalar dəsti avtomobilə 500 kilometr yürüş etmək imkanı verir. İlkin məlumatlara görə Audi Q6 e-tron avtomobilinin qiyməti 80 min avro təşkil edəcəkdir. Krossoverin rəqibi Tesla şirkətinin Model X modeli olacaqdır.