Audi A3 heçbekinin əsasında yaradılmış Q2 krossoveri 2016-cı ildə debüt edib. Azərbaycan bazarında təklif edilsə də, krossoverin satış göstəriciləri o qədər də parlaq olmayıb. İstənilən halda həyat dövrünün yarısını tamamlayan yığcam krossover planlaşdırılmış yeniləmədən keçib. Lakin, dəyişikliklər demək olar ki, nəzərə çarpmır.
Avtomobilin ümumi görünüşünün eyni olmasına baxmayaraq, krossover yeni bamperlərə və radiator barmaqlığına sahib olub. LED fənərlər artıq Q2 modelinin standart avadanlıq siyahısına daxildir. Əlavə ödəniş ilə, axan xətt formasında dönmə siqnalları olan matrisa fənərlərini sifariş etmək olar.. Bütün vizual dəyişikliklər bundan ibarətdir.
Salondakı dəyişikliklər bundan da azdır: ən çox nəzərə çarpan yenilik S tronic qutusunun başqa selektorudur.Maraqlıdır ki, müasir Audi modellərinin sensorlu ekranlara keçməsinə baxmayaraq, şirkət passiv 8,3-düymlkü ekranı və mərkəzi tuneldə idarəetmə şaybası olan MMI media sistemini saxlamaq qərarına gəlib.
Bununla birlikdə, “multimedia“ özü yenilənib - sistemin onlayn imkanları genişləndirilib və Wi-Fi ötürücüsü əlavə edilib.
Yenilənmiş Audi Q2 modeli əvvəlki kimi 150 at qüvvəli 1,5-litrlik turbomühərrik ilə təklif edilir. Güc aqreqatı altı pilləli mexaniki ötürmələr qutusu və ya yeddi pilləli S tronic “robotu“ ilə təchiz edilə bilər. Daha sonra, modelin mühərrik çeşidinə dörd mühərrik daxil edilməlidir.
Böyük ehtimalla, bu mühərriklər əvvəlkilər ilə eyni olacaqdırlar: bunlar 116 at qüvvəli 1,0-litrlik və 190 at qüvvəli 2,0-litrlik benzin turbomühərrikləri, həmçinin 116 at qüvvəli 1,6-litrlik və 150 at qüvvəli 2,0-litrlik turbodizellərdir.
Opsional quattro tam ötümə sistemi arxa oxu qoşan yeni muftaya sahib olub: yeni sistem əvvəlkindən 1 kiloqram yüngüldür və daha səmərəli işləyir. Tam ötürmə sistemi 2,0-litrlik dizel mühərriki ilə təchiz edilən krossover üçün opsiya, 2,0-litrlik benzin turbomühərriki ilə təchiz edilən versiya üçün isə standartdır.
Avropada yenilənmiş Audi Q2 modelinin satışlarına sentyabr ayında start veriləcəkdir. Yenilənmiş krossoverin qiyməti 25 min avrodan başlayacaqdır.