Audi şirkəti MEB modul platformasında inşa edilmiş ilk modelini - Q4 e-tron krossoverini təqdim edib. Yeni elektrokar, keçən il təqdim edilmiş Skoda Enyaq iV və Volkswagen ID.4 elektrokarlarının premium analoqudur və onlardan əsasən dizaynı və təchizatı ilə fərqlənir. Eyni zamanda, Audi şirkəti kross-kupe kuzovuna malik olan modifikasiyanı da nümayiş etdirib: Volkswagen və Skoda krossoverləri də belə versiyaya sahib olacaqlar, lakin daha sonra.
Audi Q4 e-tron
Audi Q4 e-tron modelinin uzunluğu 4588, eni - 1865, hündürlüyü isə1632 millimetr təşkil edir. MEB platformasında inşa edilmiş krossoverlərinin təkər bazası eynidir - 2760 millimetr. Uzunluğuna görə Q4 e-tron ID.4 modelinə daha yaxındır və eyni aerodinamik müqavimət əmsalına malikdir - 0,28.
Skoda Enyaq iV modelində bu rəqəm 0.27-dir, lakin aerodinamik cəhətdən ən effektiv olan Q4 Sportback e-tron modelinin göstəricisi daha yaxşıdır - 0.26. Bununla birlikdə bu göstərici rekorddan çox uzaqdır: məsələn, rəqib Tesla Model Y elektrokarının əmsalı 0,23, yeni Mercedes-Benz EQS modelinin isə 0,20-dir.
Audi Q4 e-tron
Audi krossoverlərinin baqaj bölməsi ID.4 və Enyaq iV modelləri ilə müqayisədə daha kiçikdir: Q4 e-tron modelinin baqaj bölməsinin tutumu 520-1490 litr, Q4 Sportback e-tron modelinin isə 535-1460 litr arasındadır.
Tam ötürməli versiyalar 1200 kiloqramlıq qoşqunu yedəyə ala bilərlər. Xatırladaq ki, Skoda Enyaq RS iV modeli 1400 kiloqramlıq qoşqunu yedəyə alır.
Audi Q4 Sportback e-tron
Bununla yanaşı, Audi krossoverlərinin batareya seçimi də azaldılıb: elektrokarın arsenalında 58 kilovat-saatlıq orta tutumlu batareya yoxdur. Ümumilikdə, alıcılara üç modifikasiya təklif ediləcəkdir. Baza variantı Audi Q4 35 e-tron adlanır, 170 at qüvvəsi və 310 Nm fırlanma anı hasil edən yeganə elektrik mühərriki arxa təkərləri hərəkətə gətirir. Mühərrik 52 kilovat-saatlıq batareyadan qidalanır.
Kuzov növündən asılı olmayaraq, Q4 e-tron modeli 100 km/saata sürətlənməyə 9 saniyə sərf edir, maksimal sürət həddi isə 160 km/saatda məhdudlaşdırılıb. Beləliklə, adi krossover dolu batareya ilə 341 kilometr, Sportback versiyası isə 8 kilometr daha çox məsafə qət etməlidir.
Audi Q4 Sportback e-tron
Növbəti versiya arxa ötürməli Audi Q4 40 e-tron modelidir. Bu versiya 204 at qüvvəsi və 310 Nm fırlanma anı hasil edən mühərrikə və 77 kilovat-saatlıq batareyaya malikdir. Belə bir krossover 100 km/saat həddini 8,5 saniyəyə toplayır və 520 kilometr məsafə qət edir.
İstehsalçı Sportback versiyasının xüsusiyyətlərini ayrıca göstərməyib - Q4 40 e-tron versiyanın yalnız bir kuzov ilə təklif ediləcəyi ehtimal olunur.
Nəhayət, Q4 e-tron model xəttinin zirvəsində arxada 204 at qüvvəli (310 Nm), öndə isə 109 at qüvvəli (162 Nm) elektrik mühərriklərinə sahib olan tam ötürməli Audi Q4 50 e-tron quattro modeli qərarlaşıb.
İkimühərrikli güc qurğusu ümumilikdə 299 at qüvvəsi və 460 Nm fırlanma anı hasil edir. Tamötürməli krossover 100 km/saat həddinə 6,2 saniyəyə sürətlənir və 180 km/saatlıq maksimal sürət həddinə malikdir - eyni dinamikaya Skoda Enyaq RS iV modeli də malikdir, baxmayaraq ki, çex elektromobilinin ümumi gücü 7 at qüvvəsi daha çoxdur. İkimühərrikli Q4 və Q4 Sportback e-tron modellərinin yürüş məsafəsi, müvafiq olaraq, 488 və 497 kilometrdir.
Keçən ayın əvvəlində Audi şirkəti Q4 e-tron modelinin interyeri və prinsipcə yeni opsiyaları barədə ətraflı məlumat verib. İndi isə bəzi detalları dəqiqləşdirib.
Q4 e-tron modelinin avadanlıq siyahısına matrisa fənərləri, 19-21 düymlük təkər diskləri, 10.1 və ya 11.6 düymlük ekranı olan multimedia sisteminin üç variantı - MMI, MMI plus və MMI pro, təbii nitqi anlayan səs köməkçisi, genişləndirilmiş reallıq texnologiyasına sahib olan virtual kokpit və proyeksiya ekranı, tənzimlənən amortizatorları olan idman asqısı, adaptiv kruiz-kontrol, dairəvi müşahidə kameraları və istilik nasosu daxil edilib.
Krossoverlərin Avropa bazarındakı satışlarına cari ilin iyun ayında başlanacaqdır. Almaniyada Q4 35 e-tron modeli 41.900, Q4 40 e-tron - 47.500 avro, Q4 50 e-tron isə 52.900 avroya satılacaqdır.
Q4 Sportback e-tron modeli yayın sonunda satışa çıxarılacaq və adi krossoverdən 2.000 avro baha olacaqdır. Bundan başqa, hər iki modeli xüsusi dekoru və təchizatı olan iki Edition One versiyasında təklif edəcəklər. “Birinci” seriyadan olan krossoverlər üçün 6.195 avro əlavə ödəniş tələb olunacaqdır.