Bu günlərdə ümumi istifadə yollarında kamuflyaja bürünmüş Audi Q5 krossoveri fotocəsusların diqqətini cəlb edib. Bu isə, yaxın zamanlarda yenilənmiş Q7 və A4 modellərinin dizayn üslubunda görkəmə malik olan Q5 modelinin debüt edəcəyindən xəbər verir.
Çox güman ki, BMW X3 və Mercedes-Benz GLC krossoverlərinin rəqibi yeni radiator barmaqlığına malik olan ön hissəyə, standart avadanlığa daxil olacaq işıqdiodlarından hazırlanmış ön fənərlərə sahib olmalıdır. Arxa hissəyə gəldikdə isə, krossoverin xrom zolaqla birləşdiriləcək yeni işıqdiodlarından arxa fənərlərə sahib olacağını ehtimal etmək olar.
Lakin, ən ciddi yeniliklərin interyerdə olacağı gözlənilir. Çox güman ki, yenilənmiş Audi Q5 krossoveri MMI məlumat-əyləncə sisteminin ən son variantı ilə təchiz ediləcəkdir. Bu isə, mərkəzi tonneldəki idarəetmə kontrollerinin yerini sensorlara və səslə idarəetməyə verəcəyi anlamına gəlir. Əlbəttə ki, virtual cihazlar paneli və proyeksiya displeyi də təkmilləşdirilmiş versiyaları ilə əvəzlənəcəkdir.
Eyni zamanda, avtomobilin avadanlıq siyahısı yeni elektron yardımçılar sayəsində daha da genişlənmiş olacaqdır. Mühərrik çeşidinə gəldikdə isə, yenilənmiş Q5 modelinin 12-voltluq şəbəkədən çalışan dörd silindrli «yumşaq» benzin və dizel hibridləri ilə təchiz ediləcəyini gözləmək olar. Altısilindrli mühərriklərlə təchiz edilmiş modellərdə hibrid qurğunun 48 volıtluq şəbəkədən qidalanacağı ehtimal olunur. Nəhayət, «bərkgedən» SQ5 modeli əvvəlki kimi dizel mühərriki ilə təklif ediləcəkdir.
Çox güman ki, yenilənmiş Audi Q5 krossoveri sentyabr ayında keçiriləcək Frankfurt avtosalonunda geniş kütlə qarşısına çıxacaqdır.
Mənbə: Autocar