Audi Q6 e-tron elektrik krossoveri mürəkkəb taleyi və çaşdırıcı adı olan avtomobildir. Məsələn, Çində artıq Teramont modelinə əsaslanan böyük Audi Q6 krossoveri var, lakin o, yalnız benzinlə çalışır və rəsmi olaraq yalnız Çində satılır. Qlobal Q6 e-tron modelinin Çin avtomobili ilə heç bir əlaqəsi yoxdur. O, daha yığcamdır və əslində Audi Q5 krossoveri ilə eyni sinifdə oynayır. Üstəlik, Q6 e-tron modelini Q5 krossoverinin elektrik alternativi saymaq olar.

Məhz Audi Q6 e-tron Volkswagen konserninin yeni elektrik platforması - PPE (Premium Platform Electric) arxitekturası üzərindəki ilk model olmalı idi, lakin proqram təminatı ilə bağlı yaranmış problemlər ucbatından onun debüt bir neçə dəfə təxirə salındı (keçən ilki təqdimat kamuflyajlı avtomobillərlə və qısa formatda keçirilib). Nəticədə, bu arxitekturanın ilk nümayəndəsi ikinci nəsil Porsche Macan oldu. Bununla belə, əsas məntiq qorunub saxlanılıb: birinci Macan platformanı Audi Q5 ilə, ikinci Macan isə Q6 ilə bölüşür.

Krossoverin dizaynı Audi firma üslubunun özünəməxsus üslubunun növbəti təkamülüdür, lakin bir vacib düzəlişlə. Elektromobil iki mərtəbəli ön optikaya malik olan ilk Audi seriya modelidir. Bununla belə, tündləşdirilmiş alt bloklar o qədər də gözə çarpmırlar. Krossover “işıq imzası” funksiyası olan qabaqcıl adaptiv işıqlandırma texnologiyası ilə təchiz edilib.

Audi Q6 e-tron modelinin uzunluğu 4771 millimetr (Q5 ilə müqayisədə 89 millimetr uzun), eni  - 1965 millimetr (+ 72 millimetr), hündürlüyü isə, 1648 millimetr (- 14 millimetr) təşkil edir. Təkər bazası Audi Q5 modelindəki 2819 millimetrə qarşı 2899 millimetrdir. Adi Audi Q6 e-tron standart olaraq 18-düymlük təkər diskləri, ən güclü “bərkgedən” SQ6 e-tron isə 20-düymlük disklər ilə təchiz edilir. İlkin versiyanın boş çəkisi 2350 kiloqramdır.

İnteryerdə iki standart ekranı birləşdirən əyri ön panel var: cihazlar panelinin 11,9-düymlük və Android Automotive ƏS əsasında yeni nəsil multimedia sisteminin 14,5-düymlük displeyləri. Ön sərnişin üçün əlavə olaraq 10,9-düymlük üçüncü displey nəzərdə tutulub. Digər xüsusiyyətlərə transmissiyanın miniatür selektoru, həmçinin sürücü qapısındakı yeganə sensorlu ekranı daxildir. Bu displey təkcə güzgülərə və mərkəzi kilidə deyil, həm də xarici işıqlandırmaya və oturacaqların yaddaşına cavabdehdir.

Audi Q6 e-tron beş nəfərlik salona malikdir və qənaətbəxş yük-sərnişin imkanları ilə öyünə bilər. Baqajın həcmi 526 litr təşkil edir, arxa sıra qatlandıqda isə, bu həcm 1529 litrə qədər artır. 64 litrlik tutumu olan əlavə ön bölmə də var. SQ6 e-tron top versiyasının seçilən xüsusiyyətləri tərtibat və kontur işıqlandırmasındakı ənənəvi qırmızı aksentlərdir.

Satışların başlanğıcında Audi Q6 e-tron yalnız ənənəvi quattro işarələnməsini alacaq iki mühərriklə təmin edilən tam ötürmə sistemi ilə təklif olunacaq. Arxada daim işləyən sinxron elektrik mühərriki quraşdırılıb, ön tərəfdə isə, lazım olduqda qoşulan asinxron mühərrik var. Standart Avropa versiyası 387 at qüvvəsinə malikdir, bu da 100 km/saat həddinə 5,9 saniyəyə sürətlənməyə imkan verir. Lakin Şimali Amerika üçün, 428 at qüvvəli daha güclü krossover hazırlanıb ki, lonç-kontrol rejimində mühərriklərin gücü 462 at qüvvəsinə yüksəlir və bu, 60 mil/saat (97 km/saat) həddini 5,0 saniyəyə toplamağa imkan verir. Hər iki versiyanın maksimal sürəti 210 km/saat həddində məhdudlaşdırılıb.

Audi SQ6 e-tron versiyasında məhdudiyyət 230 km/saata qaldırılıb. İki mühərrik standart rejimdə 490 at qüvvəsi hasil edir, lonç-kontrol rejimində isə, 517 at qüvvəsinə qədər artır və bu halda ilk “yüzlüyə” sürətlənmə 4,3 saniyə çəkir. Daha sonra bazara 83 və ya 100 kilovat/saatlıq batareyalarla təchiz ediləcək iki təkmühərrikli arxa ötürməli versiya daxil olacaq.

Tamötürməli krossoverlər istənilən halda 100 kilovat/saatlıq (94,9 kilovat/saat istifadə olunur) dartma batareyası ilə təchiz edilir. O, 180 prizmatik elementdən ibarətdir və standart krossoveri 625 kilometrə qədər (WLTP dövrü), S versiyasını isə, 598 kilometrə qədər yürüş məsafəsi ilə təmin edir. PPE platforması 270 kilovata qədər sürətli doldurmanı dəstəkləyən 800 voltluq elektrik sisteminə malikdir. 

Bu, təxminən 21 dəqiqə ərzində batareyanın 10%-dən 80%-ə qədər dolmasına imkan verir. Cəmi on dəqiqə ərzində yürüş məsafəsini 255 kilometr artırmaq olar. Rekuperasiya sisteminin gücü 220 kilovatdır. Əsas şassi adi yaylara malikdir, lakin əlavə ödəniş qarşılığında pnevmatik asqı da təklif olunur, SQ6 e-tron versiyasında isə, pnevmoasqı standart olaraq quraşdırılıb və daha çox drayver sazlamalarına malikdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Q6 e-tron və SQ6 e-tron krossoverlərinin istehsalı İnqolştadtdakı zavodda yerləşdirilib və onlar bu zavodda istehsal olunan ilk seriya elektromobillərdir. Artıq Avropada yeni elektrik krossoverlərinə sifarişlər qəbul edilir, əmtəə avtomobillərinin çatdırılmasına isə, cari ilin üçüncü rübündə başlanmalıdır. Almaniyada qiymətlər 74 700 avrodan başlayır, Audi SQ6 e-tron üçün isə ən azı 93 800 avro ödəmək gərəkdir. Müqayisə üçün: eyni 100 kilovatlıq batareyaya malik olan Porsche Macan 4 Electric (408 at qüvvəsi) modelinin baza versiyası 84 100 avroya başa gəlir..

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.