Audi Q6 e-tron, Porsche ilə birlikdə yaradılan yeni PPE (Premium Platform Electric) platformasında inşa edilən ilk model olacaq və alman brenidinin model cərgəsində Q4 e-tron ilə Q8 e-tron arasında yerləşəcək. Əvvəllər Audi yenil elektrik krossoverinin eksteryerini kamuflyaj örtüyündə nümayiş etdirsə də, interyer üzərindəki sirr pərdəsini indi götürmək qərarına gəlib.
Qeyd etmək gərəkdir ki, Audi elektrokarının interyeri Volkswagen Group qrupunun ən son nailiyyətlərinin vitrinidir. Salonun ön hissəsində, Audi nümyəndələrinin dediyi kimi, “rəqəmsal səhnə” (digital stage) yerləşir. O, 11,9 düymlük cihazlar panelini və 14,5 düymlük multimedia sisteminin displeyini birləşdirən əyri klasterdən ibarətdir. Bu panelin sağ tərəfində isə, ön sərnişin üçün nəzərdə tutulmuş 10,9 düymlük ekran yerləşir. Sərnişin sürücünün diqqətini yayındırmadan filmlərə baxa biləcək, çünki “özəl” rejimdə sürücü ekrandakı təsviri görməyəcək.
Media sistemi Cariad (Volkswagen Group qrupuna daxildir) şirkəti ilə birlikdə hazırlanıb və Android Automotive əməliyyat sisteminin bazasında işləyir. Ön şüşədə sürücü üçün vacib məlumatları əks etdirən tamamlanmış reallıqlı proyeksiya ekranı da var. Q6 e-tron modelinin interyerindəki diqqət çəkən məqamı dinamik istiqamət göstəricilərini və enerji səviyyəsini vizuallaşdırmaq üçün nəzərdə tutulan interaktiv işıqlandırmadır.
Krossoverin bir çox funksiyalarını cihazlar panelində və proyeksiya displeyində avatar şəklində görünən səs köməkçisi vasitəsilə idarə etmək olar. O, avtomobil sahiblərinin istəklərini yadda saxlayaraq, tədricən özünü təkmilləşdirir.
Q6 e-tron modelində çoxlu saxlanc yerləri olacaq. Mərkəzi tuneldə yığcam selektorun yanında iki stəkanaltı və simsiz enerji doldurma meydançası var. 40:20:40 nisbətində qatlanan ikinci cərgənin arxasında 527 litrlik baqaj bölməsi var, oturacaqlar qatlandıqda isə, bu həcm 1529 litrə qədər artır. Ön tərəfdə şarj kabelinin və kiçik çantaların yerləşdiyi 65 litrlik yığcam baqaj da var.
İnteryerin tərtibatında həm ənənəvi premium nappa dərisi, metal və ağacdan, həm də ekoloji cəhətdən təmiz materiallardan - təkrar emal edilmiş Dinamica mikrofiberi və regenerasiya edilmiş Econyl neylondan istifadə edilir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.