Qarşımızdakı Çin bazarı üçün xüsusi olaraq yaradılmış ilk Audi avtomobilidir. Əvvəllər alman şirkəti Səma İmperiyası üçün yalnız mövcud olan avtomobillərin başqa versiyalarını (əsasən də uzun təkər bazalı) təklif edirdi, lakin indi Audi ayrıca bir modeli yaratmağa qərar verib.

Q6 indeksi sizi yanıltmasın, çünki bu ad imic baxımından seçilib. Ölçü baxımından isə, yeni Q6 hər cəhətdən bizə yaxşı tanış olan Audi Q7 modelindən üstündür. Bu, Audi markasının bu günə qədər istehsal etdiyi ən böyük avtomobildir!

Audi Q7 modeli uzununa mühərriki olan MLB platformasına əsaslanırsa, Audi Q6 krossoveri isə, eninə yerləşdirilmiş mühərriki və əsas ön ötürməsi olan daha sadə və daha ucuz MQB Evo arxitekturasında inşa edilib. Audi Q6 modelinin ən yaxın texniki qohumu Volkswagen Teramont krossoveridir: hər iki avtomobilin təkər bazası 2980 millimetrdir.

Audi Q6 modeli heç də üzü dəyişddirilmiş Teramont krossoveri deyil. Audi modelinin orijinal xarici panelləri və dizaynı olan özünəməxsus kuzovu var. “Qü altının” uzunluğu 5099 millimetr, eni - 2014 millimetr, hündürlüyü isə 1784 millimetrdir. Müqayisə üçün, Q7 modelinin müvafiq göstəriciləri 5063/1970/1741 millimetr təşkil edir. Audi Q6 üçün 19-21 düymlük təkər diskləri, habelə əsas xrom dekorun əvəzinə bolluca qara rəngli dekora və fərqli radiator barmaqlığına malik olan Sport paketi təklif olunur.

İnteryerdə də Teramont modelindən əsər-əlamət yoxdur. Audi Q6 modeli müasir Audi avtomobillərinin üslubunda dizayn edilmiş üç ekranlı ön panelə malikdir: burada 12,3-düymlük rəqəmsal cihazlar panelini, multimedia sisteminin 10,1-düymlük displeyini, habelə klimat-kontrol və digər qızdırıcılara cavabdeh olan 8,6-düymlük displey var. Audi üçün xarakterik olan transmisiyanın selektoru da quraşdırılıb, salonun üzlənməsində isə, dəridən istifadə olunur.

Audi Q6 modeli standart olaraq üç oturacaq cərgəsinə malikdir, başlanğıc versiyalar ikinci sırada üç yerlik divan və üç zonalı klimat-kontrol ilə təchiz edilir. Bahalı versiyalarda isə, ikinci cərgədə qızdırılma, havalandırma, masajı funksiyaları və qismən elektrik ötürməsi olan ayrı oturacaqlar quraşdırılır. Xatırladaq ki, Volkswagen Teramont modelində belə seçim yoxdur.

Mühərriklər baxımından Audi Q6 krossoveri Çində satılan Teramont modeli ilə unifikasiya edilib. Alıcılar 231 və ya 265 at qüvvəli versiyada təklif edilən 2,0-litrlik (EA888) turbomühərriki, həmçinin EA390 seriyasından olan 299 at qüvvəli 2,5-litrlik V6 (EA390) turbomühərriki arasında seçim edə bilərlər.

Bütün versiyalar iki muftalı yeddi pilləli “robot” və arxa oxu qoşma muftası olan quattro tam ötürmə sistemi ilə təchiz olunurlar. Xatırladaq ki, Teramont yalnız ön ötürmə ilə təklif edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Audi Q6 krossoveri VW Teramont modelini də istehsal edən SAIC Volkswagen birgə müəssisəsi tərəfindən buraxılacaqdır. Krossoverə sifarişlər artıq qəbul edilir və onun qiymətləri də açıqlanıb: 74 000 dollardan 96 000 dollara qədər.

Volkswagen Teramont modeli daha ucuzdur: 44 000 - 60 000 dollar. Amma yerli dilerlər Avropadan gətirilən Audi Q7 modeli üçün ən azı 94 min dollar istəyirlər. Yeni Audi Q6 krossoverinin Çindən kənarda satılması ehtimalı çox azdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.